Ermənistanın keçmiş baş naziri hakimiyyətə səsləndi
“KTMT-də üzvlüyümüzə xitam verməliyik!”
Ermənistanın keçmiş baş naziri, “Respublika” partiyasının lideri Aram Sarkisyan ölkə hakimiyyətinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq məsələsinə baxmağı təklif edib.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə o, Facebook səhifəsində yazıb.
A.Sarkisyan yazır ki, ABŞ dövlət katibinin keçmiş müavini ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri təyin edilib. Minsk Qrupunun həmsədrləri olan ABŞ və Fransa Paşinyanla Əliyev arasında Brüssel görüşündən əvvəl telefon danışığı aparıb və Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə hazır olduqlarını təsdiqləyiblər. ABŞ və Fransa səfirləri Azərbaycan Xarici İşlər Nazirliyinin Şuşaya dəvətini rədd edirlər. ABŞ Qarabağın statusu məsələsinin həllinə yanaşmanı müdafiə edir və ermənilərin hüququnu vurğulayır. Halbuki Rusiya və Azərbaycan status məsələsini həll olunmuş hesab edirlər və bunu Moskvada keçirilən üçtərəfli görüşlərdən sonra keçirilən mətbuat konfranslarında və Rusiya prezidenti Vladimir Putin Azərbaycanın tərkibində Dağlıq Qarabağın gələcəyi ilə bağlı verdiyi müsahibədə açıq şəkildə bildirirlər.
Ermənistanın keçmiş baş naziri sonra yazır: “Rusiyanın Bakıdakı səfiri Şuşaya dəvəti məmnuniyyətlə qəbul edir, Brüssel görüşü isə status və yekun nizamlanma ilə bağlıdır və Brüsseldəki görüşdən fərqli olaraq, Moskvada Ermənistana təzyiq göstərməyə çalışacaqlar.”
Aram Sarkisyan xəbərdarlıq edir ki, Qərbin siyasi, hərbi və iqtisadi təsirini artırmaq üçün Ermənistan KTMT-dən çıxmalıdır. “Rusiya Federasiyası hələ də bizə silah satmır, KTMT Ermənistanın təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən öhdəlikləri yerinə yetirmir və KTMT-də ölkənin daha ciddi hərbi yardım almasına mane olur.
Keçmiş baş nazir iddia edib ki, Ermənistanın KTMT-dən çıxacağı təqdirdə Qərbin ona hərbi yardımı ildə 350-400 milyon dollar arasında ola bilər. Məhz bu cür silahlar Bakı və Moskvanın tonunu dəyişmək üçün kifayətdir.
Erməni siyasətçi sonda vurğulayıb ki, Moskvanın vasitəçiliyi ilə aparılan müzakirələr Qarabağın itirilməsi, Ermənistan Respublikasının sərhədlərinin onun ziyanına Rusiya xəritələri ilə yenidən cızılması və suverenliyin pozulması ilə bitəcək.