Gürcüstan parlamentinin sədri Avropa İttifaqını tənqid atəşinə tutdu
“Avropalılar Tbilisidəki çevriliş cəhdini pisləmədilər”
Gürcüstan parlamentinin sədri xarici qüvvələri, o cümlədən Brüssel məmurlarını, Tbilisidəki zorakı çevriliş cəhdini pisləmədiklərinə və ondan məsafə saxlamadıqlarına görə tənqid edib.
Şalva Papuaşvili bu qüvvələri Gürcüstandakı iğtişaşları dolayı yolla dəstəkləməkdə və ölkəni sarsıtmaq üçün dezinformasiya yaymaqda ittiham edib.
Papuaşvili çıxışında beynəlxalq media və xarici fiqurları dezinformasiya və təxribatçı ritorika yaymaqda günahlandıraraq bildirib ki, onlar qan töküləcəyini əvvəlcədən gözləyir və hətta təşviq edirdilər; xüsusilə Prezident Administrasiyasına hücum zamanı yayılan koordinasiyalı bəyanatlar bunun açıq nümunəsidir.
Gürcüstan parlamentinin sədri əlavə edib: “4 oktyabrda baş tutmayan çevriliş cəhdi daxili və xarici qüvvələr üçün xəbərdarlıq olmalıdır”.
O, hökuməti devirmək üçün yeni taktika çağırışlarını pisləyib və zorakı etirazlara dəstək verən xarici sponsorların sükutunu tənqid edib.
“Ekstremistlərin xarici sponsorlarının və himayədarlarının uğursuz çevriliş cəhdinə dair dərin sükutu onların demokratiyaya, insan haqlarına və gürcü xalqının sülh içində inkişafına necə yanaşdıqlarını açıq şəkildə göstərir”, - deyə Papuaşvili vurğulayıb.
Parlament sədri həmçinin hökuməti devirmək cəhdini Gürcüstanı sabitsizləşdirmək istəyənlər üçün “vacib dərs” adlandırıb və bildirib ki, Gürcüstan hökuməti sabitliyi və ölkənin inkişafını qorumaq üçün konstitusiya çərçivəsində qətiyyətlə hərəkət edəcək.
Xatırladaq ki, Gürcüstanın paytaxtı Tbilisidə bələdiyyə seçkilərindən sonra hökumət əleyhinə keçirilən etiraz aksiyası şənbə axşamı zorakılığa çevrilib və bəzi etirazçılar Prezident Sarayının ərazisinə girməyə cəhd ediblər.