KTMT missiyası Ermənistana gəlib
Baş katib Stanislav Zasın rəhbərlik etdiyi KTMT missiyası Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti öyrənmək və deeskalasiya ilə bağlı təkliflər hazırlamaq üçün Ermənistana gəlib.
SəhərAzəri-nin məlumatına əsasən, KTMT katibliyindən bildirilib ki,sentyabrın 20-də KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasının qərarına uyğun olaraq, KTMT-nin Baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya Ermənistana gəlib. Missiyaya KTMT-nin işçi orqanlarının əməkdaşları olan təşkilata üzv dövlətlərin nümayəndələri daxildir.
Missiyanın qarşısında mövcud vəziyyəti qiymətləndirmək, regiondakı vəziyyətlə bağlı KTMT-yə üzv dövlətlərin başçılarına ətraflı məruzə hazırlamaq və Azərbaycanla sərhədin müəyyən yerlərində yaranmış gərginliyin aradan qaldırılması üçün təkliflər hazırlamaq vəzifəsi dayanır.
Katiblikdən qeyd olunub ki, missiyasın işi zamanı sərhədyanı ərazilərdə mövcud vəziyyətin öyrənilməsi və monitorinqi üzrə tədbirlər, o cümlədən Ermənistanın ali siyasi və hərbi rəhbərliyi ilə görüşlərin keçirilməsi planlaşdırılır.
Rusiya, Belarus, Ermənistan, Tacikistan, Qaxaxıstan və Qırğızıstandan ibarət olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nizamnaməsinə əsasən üzv ölkələrdən hansısa birinə qarşı yaradılan hər hansı təhlükə, bu təşkilata üzv olan digər ölkələrə qarşı da aqresiya kimi qəbul edilir.