Ermənistanın eks-prezidenti kompromisə getməyin əleyhinədir
Koçaryan Azərbaycanla müharibə istəyir?
Ermənistanın ikinci prezidenti Robert Koçaryan birinci prezident Levon Ter-Petrosyanın indiki hakimiyyət ətrafında birləşməyə çağırış etməsini ironiya ilə qarşılayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Koçaryan dünən İrəvanda keçirdiyi mətbuat konfransında Ter-Petrosyana belə cavab verib:
"Birləşmə bir qayda olaraq, yüksək məqsədlərə çatmaq naminə baş verir. Qələbəyə nail olmaq üçün birləşirlər, təslim olmaq üçün yox”.
Koçaryanın sözlərinə görə, indiki hakimiyyət ətrafında birləşməyə çağırış anlaşılmazdır. O, əlavə edib ki, Ter-Petrosyanın qiymətləndirmələri ilə qətiyyən razı deyil və çətin şəraitdə təslim olmağın vacibliyinə inanmır.
İkinci president sonra ölkədə hakimiyyətin dəyişdirilməsinin vacibliyini vurğulayıb.
Koçaryan onu da deyib ki, Qarabağın gələcəyinin açarı orada yaşayan ermənilərin əlindədir.
Bundan əvvəl Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan İctimai Televiziyaya müsahibəsində bir vaxtlar Qarabağ probleminin həllinin açarının Rusiyanın əlində olduğunu, indi isə Moskvanın özünün çətin vəziyyətə düşdüyünü və açarı itirdiyini bildirmişdi.
Eks-prezidentin sözlərinə görə, belə görünür ki, Qarabağ ermənilərinin elitası Azərbaycan tərəfi ilə əməkdaşlıq edəcək və tədricən inteqrasiyaya razı olacaq. O, bundan ciddi narahat olduğunu qeyd edib.
Bundan əvvəl Ermənistan Respublikasının eks-prezidenti Levon Ter-Petrosyan İctimai Televiziyaya müsahibəsində Ermənistanı çətin və ağrılı qərarların gözlədiyini bildirib. O, Azərbaycan və Türkiyə ilə müqavilələrin imzalanmasının zəruriliyini vurğulayıb. Keçmiş dövlət başçısı hesab edir ki, Ermənistan Respublikasının və Dağlıq Qarabağın keçmiş başçıları problemin həlli naminə ən az ağrılı variant seçmək üçün indiki baş nazirlə dialoqa başlamalıdırlar.