Moskvada Nikol Paşinyanla İlham Əliyev arasında mübahisə yaranıb
Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistan baş nazirinin Azərbaycanı bu ölkəyə qarşı ərazi iddiasında və üçtərəfli bəyanatı pozmaqda ittihamlandırmasından sonra onunla İlham Əliyev arasında mübahisə yaranıb.
SəhərAzəri-nin məlumatına əsasən, Ali Avrasiya İqtisadi Şurasının iclasının sonunda Ermənistanın baş naziri Nikol Paşinyan söz istəyib və İlham Əliyevin çıxışına münasibət bildirib.
O, Əliyevin Zəngəzur dəhlizi barədə sözlərini "ərazi iddiaları" adlandırıb. Həmçinin Azərbaycanı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozmaqda günahlandırıb.
İlham Əliyev replika atıb ki, Zəngəzur dəhlizi ərazi iddialarını nəzərdə tutmur, nəqliyyat kommunikasiyası mənasını daşıyır.
Buna cavab olaraq Paşinyan yenə bildirib ki, Azərbaycan Laçın dəhlizini qanunsuz olaraq bağlayıb.
Vladimir Putin Əliyev və Paşinyanın müzakirəsinə son qoymaq istəyib, lakin baş tutmayıb.
Laçın dəhlizinin qanunsuz bağlanması ilə bağlı Paşinyanın sözlərinə cavab olaraq Əliyev bildirib ki, bu yolda nəzarət məntəqəsi dövlət sərhədində quraşdırılıb və erməni millətinə mənsub ölkənin istənilən vətəndaşı oradan rahatlıqla keçə bilər.
Paşinyan isə bildirib ki, Laçın yolu yoxdur, Laçın dəhlizi var və orada yalnız Rusiya sülhməramlıları fəaliyyət göstərə bilər. "Biz hesab etmirik ki, yol açıqdır. Biz blokada səbəbindən humanitar böhranın qiymətləndirilməsi üçün oraya beynəlxalq missiyanın göndərilməsini zəruri hesab edirik".
Ermənistan və Azərbaycan liderləri arasındakı mübahisəni sonlandıran Vladimir Putin tərəfləri "terminologiyaya qapılmamağa" çağırıb.
"Mühüm olan odur ki, siz bir-birinizin ərazi bütövlüyünü tanımağa hazırsınız. Bizim üçlükdə danışmağa və razılığa gəlməyə imkanımız olacaq", - Putin deyib.