Rusiyalı politoloq:
“Qərb şimal-cənub koridoruna qarşı Bakıya təzyiq edəcək”
Tanınmış rusiyalı ekspert Sergey Markov Şimal-Cənub dəhlizinin reallaşmasında yaranan çətinlikləri şərh edərkən bu sahədə qərbin Bakıya təzyiqi amilindən söz açıb.
SəhərAzəri-nin məlumatına görə, Sergey Markov axar.az-a verdiyi müshibəsində, Şimal-Cənub dəhlizi layihəsində Rusiya, Azərbaycan və İranın əsas rol oynadığını bildirib:
“Lakin Azərbaycanla İranın münasibətləri son bir ildə pisləşib. Bu da layihənin həyata keçməsinə ciddi problemlər yaradır. Ona görə ki, ölkələr arasında etibar azalır, siyasi rəhbərliyin belə nəhəng layihələrə verəcəyi inpuls zəifləyir”,- Markov deyib.
Politoloq Rusiyanın ağır sanksiyalara məruz qalmasını da dəhlizin reallaşması prossesinə mənfi təsir edən amillərdən biri adlandırsa da eyni zamanda bu dəhlizin hətta Rusiya-Azərbaycan-İrana məhdud olacağı təqdirdə bu üç ölkəyə kifayət qədər mənfəət verəcəyini deyib.
“Şimali Avropa, Avropa Birliyinin əhəmiyyətli hissəsi layihədən çıxdı. Hindistan şirkətləri də sanksiyalara görə buna ehtiyatla yanaşır. Ancaq layihə indiki formatda da əhəmiyyətlidir”,- Rusiyalı politoloq bildirib.
“Hətta Rusiya-Azərbaycan-İran formatında da bu layihə əlverişlidir. Sanksiyalar olsa da, layihə Rusiya və İran kimi ölkələrin inkişafında əhəmiyyətli rol oynayacaq. Azərbaycan Rusiya ilə İran arasında vacib coğrafi mövqeyə malik olduğu üçün onun bu layihədə həlledici yeri var”,- Ekspert deyib.
Rusiyalı məşhur politoloqa görə sanksiyaların həmişəlik olmadığını da nəzərə almaq lazımdır: “Sanksiyalar həmişəlik deyil axı. Bir müddət sonra müxtəlif səbəbdən böyük ehtimalla sanksiyalar zəifləyəcək. Hindistanın cənubunun nəhəng biznes strukturu, Avropanın şimal ölkələri və onların vasitəsi ilə Avropa Birliyi də bu layihəyə qoşulacaqlar”,- Markov deyib.
Rus politoloq Şimal-Cənub dəhlizi Layihəsinin qlobal iqtisadiyyatda əhəmiyyətli rola malik olduğunu xüsusi vurğulayaraq məhz buna görə də bu layihənin Qərbdə qıcıq yaratdığını bildirib.
“Bu nəqliyyat dəhlizi Qərb ölkələrində qıcıq yaradır. Ona görə ki, bu, Rusiya və İran iqtisadiyyatının inteqrasiyasına və əməkdaşlığını genişləndirməsinə imkan verir. Düşünürəm ki, Qərb ölkələri bu layihənin inkişafının qarşısını almaq üçün Azərbaycana təzyiq edəcəklər və ya loyallığını almağa çalışacaqlar”,- deyə Sergey Markov fikirlərini yekunlaşdırıb.