ABŞ-ın Azərbaycandakı səfiri postuna namizəd:
“Dağlıq Qarabağda yaşayanların hüquq və təhlükəsizliyi vacibdir”
ABŞ-ın Azərbaycan Respublikasındakı bir ildir səfirsiz qalan səfirliyinə namizəd Mark Libbi “Dağlıq Qarabağda yaşayanların hüquq və təhlükəsizliyi”-nin hərhansı sülh razılaşması üçün prioritet olduğunu vurğulayıb.
Çərşənbə axşamı ABŞ Senatının Xarici Əlaqələr Komitəsi ABŞ prezidenti Co Baydenin Azərbaycanda səfir vəzifəsinə namizəd irəli sürməsilə bağlı dinləmələr keçirib.
Turan-ın verdiyi məlumata görə dinləmələr zamanı Libbi deyib ki, əgər təsdiqlənərsə, ABŞ-ın Azərbaycanla Ermənistan arasında ədalətli və davamlı sülh sazişini təşviq etmək səylərini dəstəkləyəcək.
Onun sözlərinə görə, ərazi bütövlüyü, suverenlik, region sakinlərinin, o cümlədən Dağlıq Qarabağda yaşayanların hüquq və təhlükəsizliyi məsələlərinin həlli "istənilən möhkəm və layiqli sülh üçün vacibdir".
"Bu münaqişənin hərbi yolla həlli yoxdur və ABŞ zorakılığı və ya zorakılıqla bağlı təhdidləri pisləməyə davam etməlidir.", - Libbi davam edib.
Onun sözlərinə görə, sülh sazişinin imzalanması "hələ ilk addımdır". "Məni təsdiqləsələr, mümkün nizamlanmanın həyata keçirilməsini dəstəkləmək üçün Bakıdakı səfirliyin idarələrarası qrupuna rəhbərlik edəcəyəm",- o deyib.
Libbi dinləyicilərini ABŞ dövlətinin digər ölkələrdə müdaxilələri üçün örtük rolunu oynayan “demokratiya və insan haqları” hiyləsini də Azərbaycana qarşı işlədəcəyindən əmin edib.
"Əgər təsdiqlənərsəm, Azərbaycan liderləri və vətəndaşlarının geniş dairəsilə hörmətli, lakin çox açıq dialoq aparmağı və bu dəyərləri, hüquq və azadlıqları Azərbaycanda, ümumilikdə regionda müdafiə etməyi öhdəmə götürürəm", - o, fikrini yekunlaşdırıb.
Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti ötən ilin iyulda başa çatıb.
O vaxtdan indiyə qədər ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri yoxdur. Ötən ilin mayın 25-də Co Bayden adminstrasiyası və şəxsən ABŞ Prezidenti Mark Libbinin namizədliyini Azərbaycanda səfir vəzifəsinə irəli sürüb. Lakin onun səfir təyinatı prosesi hələ də davam etməkdədir.