Ərdoğanın “İran mane olur” sözlərinə İrəvan cavab verdi
Mirzoyan: Ermənistan suverenliyindən vaz keçməyəcək
Ermənistan hökuməti Türkiyə prezidentinin son açıqlamasını rədd edərək suverenliyin qorunması prinsipi əsasında regionda bütün kommunikasiyaların blokdan çıxarılmasında iştirak etməyə hazır olduğunu bildirib.
Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Zəngəzur dəhlizinə Ermənistanın deyil, İranın mane olması barədə açıqlamasını şərh edərkən deyib: “İrəvan regionda kommunikasiyaların açılmasında maraqlıdır, o cümlədən Ərdoğanın qeyd etdiyi Pekin-London nəqliyyat oxu kontekstində. Eyni zamanda, bu infrastrukturlar məlum prinsiplər, xüsusən də ərazisindən keçdikləri ölkələrin suverenliyi prinsipi çərçivəsində blokdan çıxarılmalıdır. Kommunikasiyalar bərabərlik və qarşılıqlılıq prinsipi əsasında açılmalıdır”.
Qeyd edək ki, Naxçıvanı Azərbaycanla birləşdirən “Zəngəzuri dəhlizi” ilə bağlı sualı cavablandıran Türkiyə Prezidenti Rəcəb Ərdoğan dəhlizin açılmasına qarşı olan ölkənin Ermənistan deyil, guya İran olduğunu iddia edib.
Bu arada Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorqyan bəyan edib ki, Ermənistanın suveren ərazisinə “dəhliz” şəklində istinad edilməsi bu ölkəyə qarşı ərazi iddialarının təzahürüdür və bu, regional sülh və təhlükəsizliyə xələl gətirir. Ona görə də ekstraterritorial dəhliz olmamalıdır.
Ermənistanın “İnfoteka24” saytı isə yazır ki, bir dövlətin suveren ərazisindən keçən istənilən yol həmin dövlətin suverenliyi altında olmalıdır. Bu o deməkdir ki, həmin dövlətin qanunları konkret yolda olan nəqliyyat vasitələrinə şamil olunacaq, bu da öz növbəsində ölkəyə giriş-çıxış zamanı bu ölkənin qanunvericiliyinin bütün tələblərinə ciddi əməl olunması deməkdir. Bu istiqamətdə Ermənistan suverenliyinə və milli maraqlarına toxunan dəhlizlərin yaradılmasına imkan verməyəcək.