İyun 20, 2023 16:58 Asia/Baku
  • Paşinyan sirrləri açdı

Ermənistanın baş naziri 2020-ci il sentyabrın 27-də başlanmış hərbi əməliyyatların şəraitini araşdırmaq üçün yaradılmış Parlamentin İstintaq Komitəsinin iclasında hazır olaraq həqiqəti deputatlara izah edib.

Nikol Paşinyan niyə məhz noyabrın 9-da sənədin imzalanmasından və müharibənin dayandırılmasından danışarkən deyib: “Burada, təbii ki, Şuşanın süqutu prosesi dönüş nöqtəsi oldu. Burada vacib olan Şuşanın təkcə simvolik dəyəri deyil, həm də strateji dəyəridir. Şuşanın itirilməsindən sonra, əslində, Stepanakert hücuma məruz qalacaqdı, Martuniyə təzyiq artmalıydı, ən əsası isə 25 minə yaxın hərbçimiz mühasirəyə alınacaq və təhlükə altına qalacaqdı”.

Paşinyan etiraf edib ki, üçtərəfli bəyanatın imzalanması hərbi əməliyyatları dayandırmaq üçün beşinci cəhd olub.

Onun sözlərinə görə, oktyabrın 13-də Rusiya prezidenti Putindən müharibəni dayandırmaq üçün atmalı olacağı addımlar barədə birbaşa soruşub. Oktyabrın 16-da növbəti müzakirələr zamanı Putin Dağlıq Qarabağın statusunu dəqiqləşdirmədən beş rayonun qaytarılması barədə söhbətə başlamağı təklif edib.

Paşinyan deyir ki, o bu təklifi qəbul edib və üçtərəfli bəyanat Rusiyanın dəstəyi ilə Fransa, Ermənistan və Azərbaycan tərəfindən razılaşdırılıb. Lakin atəşkəs rejiminə əməl olunmayıb və Azərbaycan öz hərbi əməliyyatlarını davam etdirib. Oktyabrın 19-da Paşinyan Putinlə telefonla danışıb, Putin əvvəllər hazırlanmış Rusiya təşəbbüslərinə əsaslanan plan təklif edib. Təklif olunan şərtlərə yeddi rayonun qaytarılması, Dağlıq Qarabağla Ermənistan arasında Laçın dəhlizi vasitəsilə əlaqənin nizamlanması, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi və Dağlıq Qarabağın qeyri-müəyyən statusu daxil olub.

Paşinyan Putinin təklifini qəbul etmək niyyətində olub, lakin Azərbaycan əlavə tələblər, o cümlədən azərbaycanlı sakinlərin Şuşaya qayıtmasını və Azərbaycanla Naxçıvan arasında əlaqənin təmin edilməsi üçün sülhməramlıların Mehridə yerləşdirilməsini irəli sürüb. Paşinyan bu şərtlərlə, əsasən də Ermənistan ərazisilə eksterritorial dəhlizlə razılaşmayıb, lakin vəziyyətin ciddi olduğunu söyləyib. Və nəhayət etiraf edib ki, Şuşanın süqutundan sonra Üçtərəfli Bəyanatı imzalamaqdan başqa yol qalmamışdı.

 

Teqlər