İyun 29, 2023 16:13 Asia/Baku
  • “Bu sənəd Dağlıq Qarabağa beynəlxalq diqqətin artdığını göstərir”

Ermənistanın baş naziri AŞPA-nın Qarabağ məsələsi ilə bağlı qətnaməsini beynəlxalq səviyyəli çox vacib sənəd adlandırıb.

Nikol Paşinyan iyunun 29-da Nazirlər Kabinetinin iclasında bildirib ki, Azərbaycanın Dağlıq Qarabağda gərginliyi körükləməsi və əhalinin sayını azaltmaq siyasəti beynəlxalq ictimaiyyət üçün getdikcə daha aydın görünür və Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən 2256 saylı qətnamənin qəbul edilməsi buna ən son sübutdur.

O, qətnamənin 15-ci bəndinə istinad edərək deyib ki, AŞPA Azərbaycan rəhbərliyinin ən yüksək səviyyədə ermənilərə qarşı istifadə edilən düşmənçilik və hədə xarakterli ritorikasından son dərəcə narahatdır və Azərbaycanı bu cür ritorikadan əl çəkmək üçün addımlar atmağa çağırıb.

Qətnamənin 8-ci bəndində qeyd olunur ki, mövcud vəziyyət dayanıqlı deyil və münaqişənin həlli tapılmasa, erməni əhalisinin öz evlərini tərk etmək məcburiyyətində qalmasına gətirib çıxara bilər.

Bu kontekstdə AŞPA təcili olaraq Dağlıq Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələlərinin Bakı və Xankəndi arasında dialoq yolu ilə həllinə səsləyib.

AŞPA həmçinin Laçın dəhlizinin blokadaya alınmasının 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının pozulması kimi qiymətləndirib və rəsmi Bakıdan istəyib ki, Dağlıq Qarabağa qaz və elektrik verilişini dərhal bərpa etsin, habelə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etsin.

Paşinyan AŞPA-nın Dağlıq Qarabağdakı vəziyyəti humanitar və insan haqları böhranı kimi qiymətləndirdiyini vurğulayaraq, bölgəyə dərhal faktaraşdırıcı missiyanın göndərilməsini tələb edib.

 

Teqlər