İyul 13, 2023 13:40 Asia/Baku
  • Qalib ölkədən güzəştə getməsi tələb olunur?

Çərşənbə günü ABŞ bildirib ki, Azərbaycan və Ermənistan arasında razılaşma "əldə oluna biləcəyini" hesab edir, amma hər iki tərəfdən güzəştə ehtiyac var, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

"Düşünürük ki, həllini gözləyən məsələlərin sayı azalmaqla, razılaşma əldə oluna bilər, amma bu... əlbəttə ki, hər iki tərəfdən güzəştə hazır olmalarını tələb edəcək", deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller gündəlik brifinqdə Turan-ın suallarına cavabda bildirib.

"... Biz (sülh razılaşması) əldə oluna bilər dedikdə, onların (tərəflərin) bir sıra məsələlərdə ciddi irəliləyiş əldə etdiklərini nəzərdə tuturuq", deyə Miller bildirib. "Sonuncu görüşdə (xarici işlər nazirlərinin) onlar həll edilməmiş məsələlərin sayını azaldıblar".

 Millerin şərhləri çərşənbə günü, dövlət katibi Entoni Blinkenin "ABŞ-ın Ermənistan-Azərbaycan sülh müzakirələrinə sarsılmaz dəstəyini ifadə etmək və danışıqlarda yaradıcı yanaşma, elastiklik və güzəşt zərurətini qeyd etmək" üçün Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışmasından sonra səslənib.

"Dövlət katibi Blinken Laçın yolundan ticari, humanitar və şəxsi nəqliyyat vasitələrinin sərbəst keçməsinin vacibliyini qeyd edib", deyə məlumatda bildirilir. "o, hər iki tərəfin möhkəm və layiqli sülh haqqında danışıqlarda müsbət dinamikanı qoruyub saxlaması zərurətini vurğulayıb".

 

Məlumatda Blinkenin Azərbaycan Respublikası prezidenti ilə güzəşt zərurətini qeyd etmək" üçün telefonla danışdığı deyilsə də, “Blinken danışıqlara daimi dəstəyini və birbaşa dialoqu davam etdirməyin vacibliyini bildirmək üçün dünən Ermənistanın baş naziri ilə də danışıb”,-deyə vurğulanır.

"Dövlət katibi Blinken hər iki ölkəni razılaşma əldə olunmasına sadiq qalmağa çağırıb. O, möhkəm və layiqli sülhə müsbət təkanın qorunub saxlanması zərurətini vurğulayıb", deyə Dövlət Departamentinin Paşinyanla telefon söhbəti haqqında məlumatında bildirilir. 

ABŞ dövlət katibinin Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə telefon danışığında güzəştin vacibliyini vurğulaması belə təssəvvür yaradıb ki, Vaşinqton danışıqlarında ABŞ rəsmi Bakını güzəştə getməyə məcbur etmək istəyir. Bu güzəştin nədən ibarət olduğu bilinməsə də, mövcud şəraiti nəzərə alaraq, Qarabağ ilə bağlı ola biləcəyi, ehtimallar sırasındadır.