Gürcüstanda xilasedicilər öz işlərini davam etdirirlər
Gürcüstanda baş vermiş torpaq sürüşməsindən sonra xilasedicilər Şovi yüksək dağ kurortundakı fəlakət zonasında işlərini davam etdirirlər, hazırkı mərhələdə əsas vəzifə itkin düşən 18 vətəndaşı tapmaqdır. Bu barədə Gürcüstan Fövqəladə Halların İdarə Olunması Xidməti xəbər verir.
Son məlumatlara görə, avqustun 3-də Şovidə baş verən sürüşmə nəticəsində 18 nəfər ölüb. Körpülər dağıdılıb, Şovinin girişindəki yol zədələnib. Bu vaxta qədər xilasedicilər 210 nəfəri təxliyə ediblər. Onlar itkin düşən 18 vətəndaşı, o cümlədən yeddi uşağı axtarırlar.
Gecə boyu təbii fəlakət zonasında xüsusi işıqlandırma vasitəsi ilə fasiləsiz olaraq axtarış tədbirləri həyata keçirilib.
Xilasedicilər artıq beşinci gündür ki, axtarış işləri aparırlar.
Gürcüstanda avqustun 7-si ölənlər üçün matəm elan edilib. Raça kurort bölgəsində təbii fəlakət qurbanlarının xatirəsinə matəm günü ilə əlaqədar bütün Gürcüstanda dövlət bayraqları yarıya endirilib.
Mütəxəssislərin ilkin qənaətinə görə, faciəyə bir neçə təbiət hadisəsinin üst-üstə düşməsi səbəb olub. Qeyd edilib ki, 2023-cü il avqustun 3-də bir sıra təbii geoloji və hidrometeoroloji hadisələr - buzlaqın intensiv əriməsi, yağıntılar, yuxarı axarlarda qayaların çökməsi, sürüşmə-eroziya prosesləri və selin keçməsi üst-üstə düşüb.
Qeyd edək ki, Azərbaycan Respublikası da Böyük Qafqazın bir hissəsi olaraq sürüşmə zonasında yerləşir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu 2015-ci ildə Böyük Qafqazın dağlıq ərazilərinin sürüşmə prosesi üzrə təhlükəlilik dərəcəsini qiymətləndirib.
Aparılan araşdırmalara əsasən, ümumi ərazisinin 65-70%-nin sürüşmələrlə əhatə olunduğu ən gərgin geosistemi olan ərazilər daha təhlükəli hesab edilib. Bu ərazilər Böyük Qafqazın orta və aşağı dağlıq zonaları - Vəlvələçay, Girdimancay, Gilgilçay, Ataçay, Pirsaatçay və başqa çay hövzələridir.
Milli Elmlər Akademiyasının qiymətləndirməsinə əsasən, 2010-cü ildən başlayaraq Böyük Qafqazın cənub meylinin yüksək dağlıq zonasında - Girdimançay-Tikanlıçay çayları arasında sürüşmə prosesləri xüsusilə fəallaşıb. Buna səbəb antropogen amillərin hədsiz artması - bu ərazilərdə mal-qaranın çox otarılmasıdır. Böyük Qafqazın şimal-şərq meylinin orta dağlıq zonasında meşələrin intensiv kəsilməsi sürüşmələrin aktivləşməsinə təkan verib.
Araşdırmada 2010-cu ildən sonrakı dövrdə suruşmələrin artdığı da deyilir.
Araşdırmalar göstərib ki, Abşeron yarımadası, xüsusilə Bakı şəhəri şəhərsalma qaydalarının pozulmasına görə sürüşmə proseslərinə daha meyillidir. Sürüşmələr Qusar maili düzənliyinin daxilində geniş inkişaf edib. Böyük Qafqazda sürüşmələr, demək olar, bütün şaquli zolaqlarda formalaşıb.