Separatçılar Bakıya inanmırlar
“Ağdam-Xankəndi yolunun bağlı saxlanılması ilə bağlı dəqiq qərar var”
Qondarma Dağlıq Qarabağ Respublikası “parlament”inin sədri Davit İşxanyan bildirib ki, Ağdam-Xankəndi yolunun bağlı saxlanılması və istifadə edilməməsi ilə bağlı dəqiq qərar var.
O, avqustun 30-da jurnalistlərlə görüşü zamanı deyib: “Bizim bir yolumuz var, Laçın dəhlizi. Artsaxdan Ermənistana və əksinə, fasiləsiz nəqliyyat bərpa olunmalı və təmin edilməlidir. Bu, 9 noyabr 2020-ci il tarixli bəyanatda qeyd olunub. Bizdə Laçın dəhlizi konsepsiyası var və biz ikinci dəhlizi düzəltməməliyik”.
İşxanyanın sözlərinə görə Ağdam-Xankəndi yolunda Rusiya sülhməramlılarının və separatçı rejimin “müvafiq blokpostları” qurulub.
Qondarma parlament sədri izah edib ki, son üç həftə ərzində separatçı rejimin nümayəndələri arasında məsləhətləşmələr aparılıb və bunun nəticəsində Ağdam-Xankəndi yolunun istismarının bir sıra səbəblərə görə qəbuledilməz olduğu qənaətinə gəlinib.
Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin Qarabağa göndərdiyi humanitar yardım barədə danışarkən İşxanyan deyib ki, “Azərbaycan Qarabağ əhalisinin ehtiyaclarının təminatı üçün mümkün olan bütün addımları atdığını dünyaya göstərmək üçün daha bir siyasi təxribat addımı atıb”.
Bundan iki gün əvvəl Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan demişdi ki, onlar yalnız Laçın yolu ilə gətirilən humanitar yardımları qəbul edəcəklər.
Separatçı rejim bunu da bildirib ki, Ağdam yolu ilə humanitar yardımın gətirilməsinə dair Bakı ilə heç bir razılaşması olmayıb.