Moskva-İrəvan əlaqələrində sərinlik hökm sürür
Ermənistan niyə Qərbə üz tutub? – TƏHLİL
Ermənistan hökumətinin son aylarda Rusiyadan qopub Qərbə qoşulmaq cəhdləri Moskvada qəzəblə qarşılanır.
Bu barədə müxtəlif verdsiyalar mövcuddur. Ehtimala görə, Ermənistanın strategiyası Azərbaycana qarşı dəstək qazanmaq üçün qərbyönlü siyasətini davam etdirməkdir. Paşinyan hesab edir ki, Qərblə münasibətləri yaxşılaşdırmaq üçün Rusiyanı qəzəbləndirəcək nəsə etməlidir və Ermənistanın bütün uğursuzluq və bədbəxtliklərində Rusiyanı günahlandırmaq lazımdır.
Xatırladaq ki, Rusiya Sovet İttifaqının dağılmasından sonra Ermənistanın təhlükəsizliyinin əsas təminatçısı olub.
Moskvanın Türkiyə sərhədinə yaxın Gümrüdə bir neçə min əsgəri olan hərbi bazası var və Rusiya sərhəd qoşunları Ermənistanın Türkiyə və İranla sərhədlərini qoruyur.
Bununla belə Ermənistanın xarici siyasətində ən bariz dəyişiklik Qərb dövlətləri ilə əlaqələrin güclənməsidir. Ermənistan öz sərhədlərində Aİ müşahidəçilərini yerləşdirib və bu qurum Ermənistan və Azərbaycan arasında münaqişənin həlli istiqamətində aparılan danışıqlarda aparıcı rol oynayıb.
Ancaq müşahidəçilər deyirlər ki, Ermənistan Qərbə doğru irəlilədikcə Rusiyanı hədsiz dərəcədə qəzəbləndirir. Kreml bunu anti-Rusiya kampaniyası kimi görür.
Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan hakimiyyətinin Rusiya əleyhinə bir sıra bəyanatlarını sadalayaraq bunları qeyri-dost hərəkət kimi səciyyələndirib.
Belə bir vaxtda Ermənistan və ABŞ İrəvan yaxınlığındakı Zar və Armavir təlim mərkəzlərində birgə hərbi təlim keçirir. Analitiklər hesab edirlər ki, bu, Ermənistanın Rusiyanın başçılıq etdiyi KTMT təlimlərində iştirakdan imtina etməsi fonunda aydın siqnaldır.
Bəzi şərhlərə görə isə Ermənistan hökuməti Rusiyanı təxribata çəkmək üçün belə addımlar atmağa qərar verib. Lakin Paşinyan Qərbdən mesajlar alsa belə, bu o demək deyil ki, Qərb mütləq hər bir vədi yerinə yetirəcək. Xüsusilə də Rusiyanın Ermənistana təzyiq göstərmək üçün hələ də istifadə edə biləcəyi bir neçə rıçaq var. İrəvan Rusiyadakı əməkçi miqrantların pul köçürmələrindən çox asılıdır, Ermənistan təbii qazın demək olar ki, hamısını Rusiyadan alır və Qarabağdakı Rusiya sülhməramlı qüvvələri mühüm təhlükəsizlik rolunu oynamaqda davam edir. Bu isə o deməkdir ki, Rusiya istənilən vaxt Paşinyanı durdurmaq üçün təsir rıçaqlarından istifadə edəcəkdir.