Paşinyandan ermənilərə mesaj
Qarabağda qalsanız yaxşıdır; ancaq gəlsəniz yer var
Qarabağ sakinlərinin Ermənistana köçürülməsi onların öz evlərində yaşaması mümkün olmadıqda baş verə bilər, ermənilərin Qarabağdan köçürülməsi İrəvanın əsas planı deyil. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclası zamanı deyib.
“Vəziyyət düzəlməsə, o zaman problem gündəmimizdə olacaq. Amma nəzərinizə çatdırmaq istəyirəm ki, hələ sentyabrın 19-da, aksiyalar başlayan gün mən Baş nazirin müavini Tiqran Xaçatryana tapşırmışdım ki, Qarabağdan insan axını baş verərsə, həmvətənlərə necə kömək etmək məsələsini hökumət tərəfdaşları ilə müzakirə etsin”, - o bildirib.
Paşinyan bir daha xatırladıb ki, yaşayış üçün 40 mindən çox yer hazırlanıb , qida və dərman məsələləri həll olunub:
“Biz hazırıq və hazırlaşmağa davam edirik. Bu, Qarabağdan olan həmkarlarla razılaşdırılmış mövqedir”.
Eyni zamanda Xocalıdan yayılan görüntülər göstərir ki, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Azərbaycan dövləti arasında Yevlaxda əldə olunmuş razılaşmaya rəğmən üçüncü sutkadır ki, bir neçə yüz erməni Xocalıdakı hava limanına toplaşaraq Ermənistana evakuasiya edilməyi gözləyir.
Aeroportun yaxınlığında sülhməramlıların bazasında minə yaxın adam var. Bir o qədər adamın da Xankəndi-Xocalı yolu boyunca düzüldüyü deyilir. Həmin sakinlərin nəyə görə Qarabağı tərk etmək istədikləri barədə məlumat yoxdur.