Kreml Bakı ilə sülhməramlıların taleyini müzakirə edəcək
Azərbaycanlı politoloq: Ən pis gözləntilər özünü doğrultmağa başlayır
Kreml rəsmisi bəyan edib ki, Azərbaycan ərazisində olan Rusiya sülhməramlılarının taleyi, bundan sonrakı fəaliyyəti Bakı ilə müzakirə olunacaq. Azərbaycanlı politoloq isə ən pis gözləntilərin özünü doğrultmağa başladığını bildirib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin “Sülhməramlıların bundan sonrakı fəaliyyəti necə olacaq?” sualına cavabında deyib ki, indiki zamanda bu suala kiminsə cavab verəcəyi çətin məsələdir.
Kremlin sözçüsü qeyd edib ki, qərar müzakirənin nəticəsindən asılı olacaq və Moskva "Rusiya sülhməramlı kontingentinin" Dağlıq Qarabağda qalma müddətinin uzadılmasının Bakı ilə müzakirəsini davam etdirəcək.
O, bunu belə əsaslandırıb ki, hələ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi yoxdur.
Hansı "Dağlıq Qarabağa" və ümumiyyətlə "Dağlıq Qarabağ" dedikdə Rusiya hakimiyyətinin nəyi və kimi nəzərdə tutduğunu Peskov dəqiqləşdirməyib.
Politoloq Ərəstun Oruclu bununla bağlı öz feysbuk paylaşımında yazıb: “Beləliklə, ən pis gözləntilər özünü doğrultmağa başlayır və bu, artıq hansısa siyasi ekspertlərin deyil, Rusiya prezidentinin mətbuat katibinin dilindən səsləndirilir. Bizim üçün ən pis gözlənti də Rusiyanın Qarabağın Dağlıq hissəsində hərbi bazasını yerləşdirmək istəyidir. Çünki bu, Azərbaycanın əbədi olaraq Rusiya diqtəsi altında qalması demək olardı”.
Politoloq vurğulayıb ki, ölkə ərazisində heç bir xarici dövlətin hərbi bazası və ya kontingenti olmamalıdır. Ona görə ki, bu, həm Azərbaycan Respublikasının qanunlarına ziddir, həm də ölkənin suverenliyinin məhdudlaşdırılması deməkdir.