Gürcüstan ABŞ-ın müdaxiləçi hərəkətlərinə görə izah istəyib
Gürcüstan vətəndaşlarını hökumətin devrilməsinə hazırlayan Serbiya vətəndaşlarının iştirakı ilə təlimlərin ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID)
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili USAID-in Gürcüstanda inqilabi prosesləri maliyyələşdirməsi ilə bağlı məlumatı ABŞ-ın Gürcüstana göstərdiyi yardım tarixində qara gün adlandırıb.
"Bu, ABŞ-ın Gürcüstana yardım tarixində qara gündür. Amerikalıların pulları burada hansısa inqilabi prosesləri planlaşdırmaq, insanları iğtişaşlara və təxribatlara məqsədyönlü şəkildə hazırlamaq üçün istifadə olunur. Təəssüf ki, Amerika xalqının pulu bu işə qarışıb", - o jurnalistlərə bildirib.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) oktyabrın 2-də verdiyi məlumata görə, Serbiya vətəndaşları Sinisa Sikvan, Jelena Stojsic və Slobodan Djinovic USAID-in dəvəti ilə sentyabrın 25-də Gürcüstana gələrək paytaxt otellərindən birində "hakimiyyətin zorla devrilməsinin hazırlanmasında və həyata keçirilməsində həlledici rol oynamalı olan" təşkilatlar və vətəndaş fəallarının iştirakı ilə təlimlər keçiriblər. "Kanvas" təşkilatını təmsil edən Serbiya vətəndaşları artıq Dövlət Təhlükəsizlik Xidmətində dindirilib.
Sentyabrın 18-də Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb ki, Ukraynada olan Daxili İşlər Nazirliyinin keçmiş rəis müavini Georgi Lordkipanidze də daxil olmaqla bir qrup şəxs Gürcüstanda "Avromaydan"ın analoqunu təşkil etməyi planlaşdırır. Məlumata görə, hakimiyyəti zorla devirmək məqsədi ilə iğtişaşlar təşkil etmək planlaşdırılır.
Qeyd edək ki, USAID-ın rəhbəri Samanta Pauerin başçılıq etdiyi nümauyəndə heyəti ötən ay Cənubi Qafqaz ölkələrinə səfərini başlayıb. Ermənistanda Qarabağdan köçən sakinlərlə məşğul olan heyət Azərbaycan Respublikasında Qarabağa beynəlxalq missiyanın göndərilməsi mövzusunu gündəmə gətirib.