Okt 03, 2023 14:29 Asia/Baku
  • BMT-yə görə hər şey qaydasındadır; ABŞ-a görə yox

BMT missiyası Qarabağda durumu müsbət qiymətləndirməsinə baxmayaraq ABŞ bir daha regiona ayrıca beynəlxalq missiyanın yerləşdirilməsində israrlı olaraq qalır.

BMT-nin Azərbaycanın Qarabağ regionuna səfər edən missiyası səfərlərinin yekunu ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərliyi və BMT missiyası oktyabrın 1-də Azərbaycanın Qarabağ regionuna səfər edib.

“Ağdamdan səfər edən missiya üzvləri Xankəndi şəhərində olub. Burada onlar yerli əhali və digər şəxslərlə söhbət edib, eləcə də səhiyyə və təhsil müəssisələrindəki vəziyyətlə yerindəcə tanış olublar. Missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib.

Missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbətlərdən şikayət daxil olmayıb.

Missiya Xankəndi şəhərində çox az sayda yerli əhalinin qaldığını müşahidə edib.

Missiya yerli əhalinin hüquqlarının müdafiəsini təmin etmək üçün bütün lazımi səyləri göstərməyə çağırır. Azərbaycan Hökumətinə dəstək olaraq və digər tərəfdaşlarla birlikdə çalışaraq, BMT-nin Azərbaycandakı nümayəndəliyi Qarabağda qalan yerli əhaliyə və geri qayıtmaq istəyənlərə dəstək verməyə hazırdır”, məlumatda qeyd edilir.

BMT missiiyasının hesabatına rəğmən ABŞ bir daha Qarabağa beynəlxalq missiyanın göndərilməsində israrlı olduğunu bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bazar ertəsi mətbuat üçün brifinqdə TURANın Vaşinqton müxbirinə bunları deyib: “Vaşinqton regional tərəfdaşları ilə regionda ayrıca beynəlxalq missiyanın yerləşdirilməsi üzərində işləyir. Biz daha uzunmüddətli missiyanın necə olacağı ilə bağlı müttəfiqlərimiz və tərəfdaşlarımızla işləməyə davam edirik" Miller deyib.

Mətbuat katibi Dağlıq Qarabağda «etnik təmizləmə» iddiaları ilə bağlı hər hansı mövqe bildirməkdən çəkinib.

O, daha sonra bildirib ki, “100 minə yaxın etnik erməni Dağlıq Qarabağı tərk edərək Ermənistana gedib.Buna görə də ABŞ  müstəqil beynəlxalq monitorinq missiyasının yaradılmasını təklif edir ki, Dağlıq Qarabağ əhalisinə şəffaflığı təmin etsin və  geri qayıtmaq istəyənlərin hər biri üçün qorunacaqlarını əmin edə bilsin.”

"Biz hesab edirik ki, orada müşahidə və zəmanət vermək üçün beynəlxalq monitorinq missiyası olmalıdır",- Miller deyib.