Xüsusi Təyinatlılar hələ də Bolnisidə qalmaqdadır
Yerli KİV-lər bildirir ki, Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlıları hazırda Bolnisinin mərkəzi klinikasının yanında yerləşdirilib.Belə ki, 2 böyük avtobus Xüsusi Təyinatlı qrupun klinikanın yaxınlığında hazırda gözlədiyi görülüb.
Qeyd edək ki, 30 dekabr axşam saatlarında Bolnisi Bələdiyyəsinin Naxiduri (Arıxlı) kəndində iki yeniyetmənin həlak olması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, axşam saatlarında Marneuli-Bolnisi istiqamətində sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü yolu keçməyə çalışan iki piyada yeniyetməni vuraraq öldürüb.Sərxoş sürücü daha sonra hadisə yerindən qaçmağa cəhd etsə də, buna yerindəcə nail ola bilməyib.
Hadisə yerinə çox sayda yerli sakin toplanıb və onun qaçmasına icazə verməyib.İddialara görə, sürücü yerli sakinlərin üzərinə bıçaq çıxarıb və onları hədələyib. İddialara əsasən, Bolnisidən Marneuli istiqamətində hərəkətdə olan bir neçə avtomobilin sürücüsü sərxoş sürücünü müdafiə etməyə çalışıb.
Bu zaman yerlilər ilə onu müdafiə etməyə çalışanlar arasında fiziki qarşıdurma baş verib.Sərxoş sürücü təcili yardım maşınına sığınıb, həmin maşını isə yerlilər aşırıblar. Bu vaxt sürücü hadisə yerindən qaçmağa nail olub. Daha sonra hadisə yerinə çox sayda polis qüvvəsi, o cümlədən Xüsusi Təyinatlılar gözyaşardıcı qaz və bir sıra vasitələrlə cəlb olunub.30-31 dekabr tarixlərində DİN-in yaydığı məlumata görə, hadisə nəticəsində 9 nəfər yaralanıb. Bundan əlavə, qəzanı törədən sürücünün saxlanıldığı bildirilib.