Rusiya prezidenti Qarabağdakı sülhməramlıların taleyinə aydınlıq gətirdi
Putin: Sülhməramlıların statusu ikitərəfli əsasda həll olunacaq
Rusiya prezidenti sülhməramlıların taleyindən danışıb və Azərbaycanın “Dağlıq Qarabağ”da konstitusiya quruluşunun bərqərar etməsinin zaman məsələsi olduğunu bildirib.
Vladimir Putin bu barədə oktyabrın 5-də “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib.
O vurğulayıb ki, Rusiya sülhməramlılarının Qarabağdakı vəzifələri yalnız atəşkəs rejiminə əməl olunmasına nəzarət etməkdir.
Putin bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev ona sülhməramlıların statusu ilə bağlı ikitərəfli əsasda danışıqlar aparmağı təklif edib və Ermənistanın baş naziri Nikol Paşinyan da bunu təsdiqləyib.
“Hətta bizim sülhməramlılarımızın statusu Qarabağın Azərbaycanın tərkibində statusu müəyyən edildikdən dərhal sonra keyfiyyətcə dəyişikliyə məruz qalıb. Əliyev deyir: “Sizin ordunuz bizim ərazimizdədir, indi onların statusunu ikitərəfli əsasda razılaşdıraq”. Ermənistanın baş naziri Paşinyan da təsdiqləyib: “Bəli, indi ikitərəfli əsasda danışıqlar aparmaq lazımdır”, – deyə Putin söyləyib.
Putin qeyd edib ki, Qarabağın Azərbaycan ərazisi kimi statusu müəyyən ediləndən sonra Rusiya sülhməramlılarının statusu da keyfiyyətcə dəyişikliyə uğrayıb.
Söhbətinin davamında o qeyd edib ki, Rusiya keçmişdə Ermənistana Bakı ilə güzəştə getməyi və iki rayonun ona verilməsini təklif edirdi, lakin İrəvan bundan imtina etdi.
Putin Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Rusiyanın erməni xalqına xəyanət etməsi ilə bağlı iddialarını rədd edərək, Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını xatırladıb. “Qarabağ rəsmən Azərbaycanın tərkibinə keçdi. Müasir Ermənistan dövlətinin mövqeyi belə oldu. Biz nə edə bilərik?”, - deyə Rusiya lideri bildirib ki, bu, Qarabağın statusu olan əsas məsələnin həllini tapması deməkdir.
Rusiya prezidenti əlavə edib ki, Qarabağ öz müstəqilliyini elan edən zaman, heç kəs onun müstəqilliyini tanımamışdı, hətta Ermənistan da... Düzünü desəm, bu, mənə qəribə gəlir. Onlar Praqada Qarabağın Azərbaycana məxsus olduğunu tanıdılar. Sonra isə 2023-cü ilin əvvəlində Brüsseldə analoji görüşdə bunu təkrar bəyan etdilər. “Bizə bu barədə heç kim deməmişdi. Mən şəxsən bunu mətbuatdan öyrəndim. Azərbaycan hər zaman Qarabağı öz ərazisi hesab edib. Ermənistan da artıq Qarabağın Azərbaycan ərazisi kimi statusunu müəyyən edib”, - deyə Putin qeyd edib.
Sonda tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın keçmiş dövlət naziri Ruben Vardanyan və digər separatçı liderlərin Azərbaycan tərəfindən saxlanılmasına münasibət bildirən Vladimir Putin onları İrəvanda görmək istəmədiklərini bildirib.