Rusiya Qarabağdan sülhməramlılarını çıxarır?
TASS: Ermənistana nümayəndə heyəti göndərilib
Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının vaxtını müzakirə etmək üçün Ermənistana nümayəndə heyəti göndərib.
TASS diplomatik mənbəyə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu məqsədlə oktyabrın 6-da İrəvana səfər edib.
Mənbə deyib ki, Ermənistan tərəfi ilə Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdan çıxmasının konkret vaxtı müzakirə olunacaq.
Qarabağa Rusiya hərbçiləri Azərbaycanla Ermənistan arasında 2020-ci ilin 10 noyabr atəşkəs bəyanatına əsasən yerləşdirilib. Beş illik kontingentin qalma müddəti tərəflərdən heç biri etiraz etməzsə, vaxtın bitməsinə altı ay qalmış avtomatik uzadılır.
Bu il sentyabrın 19-da Bakı Qarabağda hərbi əməliyyat həyata keçirib. Bir gün sonra tərəflər atəşkəs üzrə razılığa gəlib, Qarabağdakı silahlıların tərksilah olunması razılaşdırılıb. Bundan sonra Qarabağın erməni sakinləri regionu tərk etməyə başlayıb, separatçı rejim özünü buraxdığını açıqlayıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova demişdi ki, Rusiya sülhməramlılarının regionda qalma müddəti oradakı vəziyyətdən asılı olaraq Moskva və Bakı tərəfindən müəyyənləşdiriləcək.
Rusiyanın dövlət başçısı Vladimir Putin isə oktyabrın 5-də “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib ki, Rusiya sülhməramlılarının Qarabağdakı vəzifələri yalnız atəşkəs rejiminə əməl olunmasına nəzarət etməkdir.
Putin qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev ona sülhməramlıların statusu ilə bağlı ikitərəfli əsasda danışıqlar aparmağı təklif edib və Ermənistanın baş naziri Nikol Paşinyan da bunu təsdiqləyib.