Ermənilər Rusiyaya daha etibar etmirlər
Ermənistan yenə də KTMT-nin hərbi təlimlərinə qatılmadı - AKTUAL
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qırğızıstanın Balıqçı şəhəri yaxınlığında oktyabrın 6-da başlayan “Sarsılmaz Qardaşlıq” hərbi təlimlərində iştirak etməkdən boyun qaçırıb.
Qırğızıstanın Müdafiə Nazirliyi təlimlərdə KTMT-nin bütün digər üzvlərinin iştirak etdiyini bildirib.
İrəvanın bu addımı ekspertlər tərəfindən Rusiyaya meydan oxumaq kimi qiymətləndirilir.
Xatırladaraq ki, sentyabrın ortalarında 85 ABŞ əsgəri və 175 erməni hərbçi Qartal Tərəfdaş 2023 birgə təlimlər keçirdilər və Rusiya bu hərəkətə görə hiddətini gizlətmədi.
Bu kontekstdə Ermənistanın KTMT təlimlərindən uzaq durması Kremldə qıcıq doğuracaqdır.
Bu arada Rusiyadan faktiki olaraq məsafə saxlayaraq Qərbə inteqrasiya yolunu tutan erməni rəsmiləri Avropa İttifaqı ilə bazarlıq etməklə məşğuldurlar və Rusiyanın narahatlığını qulaqardına vurmaqla Qərb tərəfdaşları ilə siyasi məsləhətləşmələrini davam etdirirlər.
Bu istiqamətdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cosep Borrell Ermənistanın dayanıqlığını və Aİ-Ermənistan münasibətlərini daha da gücləndirmək yollarını müzakirə ediblər.
Borrel bu barədə özünün X mikrobloqundakı paylaşımında yazıb:
“Ararat Mirzoyanla Ermənistandakı vəziyyət və Qarabağdan qaçqın düşən 100 mindən çox erməninin ehtiyacları barədə fikir mübadiləsi apardım. Ermənistanın Avropa İttifaqı ilə münasibətlərini daha da gücləndirmək yolları müzakirə etdik”.
Ermənistanın Qərbə üz tutması və regiondankənar dövlətlərə sığınması Rusiya kimi İranda da narazılığa səbəb olub. Rəsmi Tehran problemlərin region ölkələri tərəfindən həllində israrlı qalaraq, 3+3 formatında əməkdaşlığa üstünlük verir.