Ermənistan hökuməti Rusiya ilə yolunu ayırır?
Paşinyan MDB-nin Bişkekdəki iclasına getməyəcək
Ermənistanın baş naziri MDB Dövlət Başçıları Şurasının oktyabrın 13-də Bişkekdə keçiriləcək iclasında iştirak etməyəcək.
Nikol Paşinyan bu barədə Qırğızıstan Prezidenti Sadır Japarovla telefon danışığında bildirib.
Söhbət zamanı Ermənistanın baş naziri təəssüflə bəyan edib ki, bir sıra hallar üzündən MDB Dövlət Dumasının Şurasının iclasında iştirak edə bilməyəcək.
Paşinyanın sammitdə niyə iştirak etməyəcəyinin səbəbi açıqlanmır.
Bundan əvvəl də İrəvanın qatılmadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Toxunulmaz Qardaşlıq-2023” təlimləri Qırğızıstanda keçirilmişdi.
Bu arada Nikol Paşinyan jurnalistlərin rusiyalı sülhməramlıların Ermənistanda yerləşdirilməsinin mümkünlüyü ilə bağlı suallarını cavablandırarkən bildirib ki, Rusiyanın sülhməramlı kontingenti Qarabağı tərk edərsə, onlar ölkələrinə qayıtmalıdır və Ermənistana köçürülməməlidir.
“Bunun üçün heç bir hüquqi əsas yoxdur. Onlar Ermənistanda nə etməlidirlər? Bu, Qarabağdakı sülhməramlı kontingentdir. Əgər sülhməramlılar Qarabağı tərk edərlərsə Rusiyaya gedəcəklər”, - deyə Paşinyan vurğulayıb.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.
Kontingentin xidmət müddəti 5 il təşkil edir. Tərəflərdən hər hansı biri müddətin bitməsinə 6 ay qalmış müddəanın tətbiqinə xitam vermək niyyətini bəyan etməzsə, sülhməramlıların qalma müddəti avtomatik olaraq daha 5 il uzadılacaqdır.