Okt 21, 2023 11:40 Asia/Baku
  • “Bakı ilə münasibətlərin normallaşması İrəvan üçün vacibdir”

Ermənistanın Xarici İşlər Nazirliyi Bakı ilə münasibətlərin normallaşmasına təkid edib.

Bu barədə jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

Erməni rəsmi qeyd edib ki, Brüssel görüşünün vaxtı hələ müəyyən edilməyib, çünki bu, ilk növbədə Azərbaycanın iştirakını təsdiqləməsindən asılıdır. Bununla belə Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaqda maraqlıdır və bunun hansı danışıqlar platformasında baş verəcəyi o qədər də önəmli deyil.

Kostanyan əlavə edib: “Danışıqlar platforması özlüyündə məqsəd ola bilməz. Qonşumuzla münasibətləri normallaşdırmaq bizim üçün vacibdir. Biz istəyirik ki, əldə olunmuş və yazılı şəkildə təsdiq edilmiş razılaşmalar həyata keçirilsin və tərəfdaşlar bu razılaşmaların icrasına zəmanət versinlər”.

Xatırladaq ki, oktyabrın sonunda Brüsseldə Avropa Şurası rəhbərinin iştirakı ilə Ermənistan və Azərbaycan liderlərinin görüşü baş tuta bilər.

Rusiya prezidenti Vladimir Putin isə daha əvvəl danışıqlar və sülh müqaviləsinin imzalanması üçün Rusiya platforması təklif etmişdi.

Bu arada İran İslam Respublikasının da Cənubi Qafqazda sülhə öz töhfəsini vermək üçün fəaliyyətini artırdığı bildirilir.

Ermənistan mətbuatının yazdığına görə Tehranda 3+3 formatında XİN rəhbərlərinin görüşü planlaşdırılıb və bu iclasda iştirak üçün Ermənistanın xarici işlər naziri Ararat Mirozoyan da dəvət olunub.