İrəvan Moskvanı qıcıqlandırır
Erməni hərbi ekspert Paşinyan hökumətini diqqətli olmağa çağırdı
Erməni hərbi ekspert bildirib ki, Qərbin və xüsusən də Fransanın əsas vəzifəsi Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır.
David Camalyan Sputnik Ermənistana müsahibəsində deyib: “Fransa ilə hərbi əməkdaşlıq Ermənistana o qədər də böyük fayda verməyəcək, əksinə, İrəvanla Moskva arasında əməkdaşlığa ciddi ziyan vuracaq. Çünki Parislə münasibətlər müxalifətçilik prinsipi üzərində qurulub”.
D.Camalyan qeyd edib ki, Fransadan hər hansı əhəmiyyətli həcmdə silah tədarükündən söhbət getmir. Proses kifayət qədər siyasiləşib və adamda belə bir təəssürat yaranır ki, üç radarın və digər əməkdaşlıq atributlarının ötürülməsi Ermənistan hakimiyyəti tərəfindən şişirdiləcək və sadəcə növbəti şouya çevriləcək.
Onun sözlərinə görə, Fransanın Rusiyaya alternativ kimi təqdim edilməsi cəhdləri yanlışdır:
“Qərbin və xüsusən də Fransanın əsas vəzifəsi Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Fransa indi Ermənistan üçün özünü Rusiyaya alternativ kimi göstərir. Amma bu, böyük bir illüziya, mifdir. Paris ən yaxşı halda müdafiə ehtiyaclarımızın yalnız kiçik bir hissəsini ödəyə bilər”, deyə erməni hərbi ekspert Nikol Paşinyanı ağıllı qərarlar qəbul etməyə səsləyib.