Okt 27, 2023 13:01 Asia/Baku
  • Ararat Mirzoyan: Biz sülh gündəliyimizə əməl etməkdə davam edirik

Ermənistanın xarici işlər naziri Azərbaycan prezidentini Brüssel görüşünə qatılmadığına görə tənqid edib.

Ararat Mirzoyan deyib: “Azərbaycan prezidentinin Brüssel görüşünə vaxtı olmadığı bildirilir, ancaq biz bu görüşə indi də hazırıq. Ümid edirəm ki, ən yaxın vaxtda bu görüşün yeni tarixini razılaşdırmaq mümkün olacaq. Ermənistan Respublikası bu görüşdə iştirak etməyə hazırdır. Biz sülh gündəliyimizə əməl etməkdə davam edirik”.

Azərbaycan XİN isə Ararat Mirzoyanın açıqlamasına münasibət bildirib.

Açıqlamada onun “siyasi manipulyasiya” ilə məşğul olduğu qeyd edilir:

“Azərbaycanın planlaşdırılan Brüssel görüşünə getməyən tərəf olduğunu iddia edən nazir Mirzoyana xatırlatmaq istərdik ki, Ermənistandan fərqli olaraq, Azərbaycan sülh prosesinin irəliyə aparılması səylərinin daim önündə gedib, ölkəmiz sülh prinsipləri, sülh müqaviləsi, kommunikasiyaların açılması, demarkasiya məsələsində əsas təşəbbüskar tərəf olub”, - deyə nazirliyin bəyanatında vurğulanır.

Qeyd olunur ki, əslində Ermənistan tərəfi indiyədək sülh müqaviləsi üzrə danışıqların uğurla nəticələnməsinə imkan verməyib.

Oktyabrın sonunda Brüsseldə mümkün üçtərəfli görüşün anonsunu Aİ Şurasının prezidenti Şarl Mişel vermişdi. Ayın əvvəlində Qranada görüşünə isə prezident Əliyev qatılmayıb. Rəsmi Bakı görüşdə Türkiyənin də iştirakını istəmişdi. Lakin deyilənlərə görə bu təklifi Almaniya və Fransanın qəbul etməmişlər.