Ermənistanın xarici işlər naziri Azərbaycanla danışıqlar barədə açıqlama verib
“Qranada bəyannaməsi sülh üçün əsas olmalıdır”
Ermənistan və Azərbaycan artıq altıncı dəfədir ki, sülh müqaviləsi üzrə təkliflər mübadiləsi aparırlar.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində bildirib. O deyib ki, Qarabağda son hadisələrə baxmayaraq, İrəvanın "sülh çağırışının reallaşdırılması kursu davam edir".
Mirzoyanın sözlərinə görə, Qranada bəyannaməsi mahiyyətcə Azərbaycanla gələcək sülh müqaviləsinin bağlanması üçün əsasdır.
O xatırladıb ki, bu bəyannamənin birinci prinsipi tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınmasına aiddir.
Sənədin ikinci prinsipi iki ölkə sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlıdır. Proses sovet dövrünün ən yeni və qanuni xəritələri əsasında aparılmalıdır. Delimitasiya SSRİ-nin süqutu anında mövcud olmuş sərhədlərin əsasında aparılmalıdır.
Üçüncü prinsip isə regional kommunikasiyaların açılmasına aiddir və Ermənistan kommunikasiyaların açılmasının əleyhinə deyil.