Noy 22, 2023 19:03 Asia/Baku
  • Avropa İttifaqı Rusiyaya meydan oxuyur

Ermənistan ərazisindən keçən kommunikasiya xətləri İrəvanın nəzarətində olmalıdır

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Ermənistan ərazisindən keçən kommunikasiya xətlərinə məhz İrəvanın nəzarət etməsini dəstəkləyib.

Toivo Klaar “Armenpress” xəbər agentliyinə müsahibəsində deyib: “Azərbaycan öz vətəndaşlarının və Ermənistan ərazisindən keçən yüklərin təhlükəsizliyini təmin etmək istəyir, lakin bunu necə etmək Ermənistanın məsuliyyətidir və Ermənistan ərazisindən keçən hər bir avtomobil və dəmir yolunun təhlükəsizliyini İrəvan təmin etməlidir.

Diplomat İrəvanın nəqliyyat xətlərinə nəzarət etmək istəyini kifayət qədər məntiqli sayaraq qeyd edib ki, Azərbaycan öz vətəndaşlarının və Ermənistan ərazisindən keçən yüklərin təhlükəsizliyinə zəmanət vermək istəyir. Bu, tamamilə məntiqli və təbiidir. Amma bunu necə etmək Ermənistan hakimiyyətinin işidir.

Qarabağ ermənilərinin geri qaytarılması ilə bağlı suala cavab olaraq avropalı diplomat vurğulayıb: “Ermənilərin hüquqlarının təmin edilməsi vacibdir. Biz açıq şəkildə bildirmişik ki, köçkünlər istəsələr, təhlükəsiz şəkildə öz doğma yerlərinə qayıda bilməlidirlər. Amma təbii ki, insanlar istəməsə, heç kimi geri qayıtmağa məcbur edə bilməzsən. Əgər qayıtmaq istəyənlər varsa, onlara şərait yaradılması üçün bütün səylər göstərilməlidir”.

Avropa İttifaqının vasitəçiliyi ilə bağlı suala isə cavab olaraq Klaar bunları deyib: “Avropa İttifaqı mütləq kiminsə tərəfində olmamalıdır. Bizim əsas marağımız Ermənistanla Azərbaycan arasında razılığa gəlməkdir”.

Onun fikrincə, normallaşma prosesində ciddi irəliləyişin əldə edilməməsinin real səbəbi yoxdur. Çünki həll olunmamış məsələlər çox azdır və onlar artıq bir neçə dəfə müzakirə olunub. Ona görə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində sürətli irəliləyiş əldə etməmək üçün heç bir əsas yoxdur.

 

Teqlər