Putin Qarabağı tərk edən ermənilərə yardım göndərib
Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Qarabağı tərk etmiş ermənilər üçün İrəvana 40 ton humanitar yardım çatdıracaq.
Bu barədə TASS-a Nazirliyin mətbuat xidməti bildirib. Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 xüsusi təyinatlı təyyarəsi Jukovski Beynəlxalq Hava Limanından İrəvan hava limanına uçub.
Təyyarə ümumi çəkisi 40 ton olan humanitar yükü, o cümlədən ərzaq, ədyal, yorğan-döşək dəsti, səyyar elektrik stansiyası aparıb - mətbuat xidmətindən bildiriblər. Humanitar yük Rusiya prezidentinin göstərişinə əsasən və Rusiya Federasiyası hökuməti adından həyata keçirilir.
Rusiyanın bu təşəbbüsü Azərbaycan Respublikası ictimaiyyətində birmənalı qarşılanmayıb.
Kreml sahibi Vladimir Putinin tapşırığı ilə Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi vasitəsilə Qarabağı tərk etmiş ermənilər üçün İrəvana 40 ton humanitar yardım çatdırmasının anlamı nədir? Sualını verən politoloq Elxan Şahinoğlu sonra belə deyib:
“Ermənistan hökuməti onlara maliyyə və ərzaq yardımı ayırıb. Üstündən bu qədər müddət keçdikdən sonra Kremlin Qarabağ ermənilərinə yardım göndərməsi Azərbaycana xoş olmayan mesajdır. Görünür, Kremldəkilərin Nikol Paşinyandan xoşları gəlməsə də, erməni separatizminə olan ümidləri itməyib. Rusiya Birinci Qarabağ müharibəsi zamanı yurdunu tərk edən və ağır şəraitdə yaşayan yüzminlərlə azərbaycanlıya o illərdə yardım etdimi? Xatırlamıram. Kreml Qarabağ ermənilərinə yardım göndərməklə Fransadan və ABŞ-dan daha “irəli” getdi”.