Fev 23, 2024 14:11 Asia/Baku
  • Fransanın müdafiə naziri İrəvana gəlib

Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvana rəsmi səfərə gələn Fransa müdafiə naziri Sebastyan Lekornunu qəbul edib.

Qeyd olunur ki, Lekornunun təntənəli qarşılanma mərasimi Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində fəxri qarovul və hərbi orkestrin iştirakı ilə baş tutub.

Bu, Fransanın müdafiə nazirinin Ermənistana ilk səfəridir.

Armen-Pressin məlumatına əsasən, Fransanın müdafiə naziri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla danışıqlardan sonra İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistana silah tədarükü müdafiə əhəmiyyətinə malikdir və imzalanmış sazişlər də bu ölkəyə hava hücumundan müdafiə sistemlərinin tədarükünü nəzərdə tutur. Çünki Ermənistan əhalisinin və onun sərhədlərinin mühafizəsini təmin etmək vacibdir.

Fransanın müdafiə naziri sonra vurğulayıb ki, onun ölkəsi zərurət yaranarsa, Ermənistana müxtəlif mənzilli raketlər verməyə hazırdır. “Bu istiqamətdə lazım gələrsə, Ermənistana qısa, orta və uzun mənzilli raketlər veriləcək və bunlar dost ölkənin müdafiə qabiliyyətini inkişaf etdirəcək”, - deyə Lekornu əlavə edib.

Onun sözlərinə görə, heç kim Ermənistanı öz hərbi potensialını inkişaf etdirdiyinə görə tənqid edə bilməz.

Fransalı nazir onu da deyib ki, hərbi təlim Ermənistan Silahlı Qüvvələrinin inkişafı üçün mühüm komponentdir və erməni zabitlər bundan sonra Fransada təlim keçəcəklər.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Parisdə Ermənistan və Fransanın müdafiə nazirləri Suren Papikyan və Sebastyan Lekornu Ermənistana silah tədarükü haqqında saziş imzalayıblar. Fransa Ermənistana 24 "Bastion" tipli zirehli transportyor tədarük edib, daha 26-sı isə istehsal mərhələsindədir. İrəvan bu yaxınlarda "Thales" şirkətinə üç radar sifariş edib və "MISTRAL 3" zenit-raket komplekslərinin tədarükü ilə bağlı da danışıqlar aparılır. Bundan başqa, Fransa Senatı hökuməti mümkün olduğu qədər tez Ermənistana "Sezar" özüyeriyən artilleriya qurğularının tədarükü imkanlarını araşdırmağa çağırıb.