Fev 26, 2024 14:37 Asia/Baku
  • Zelenski İrəvana göndərilir, Bakı xəbərsizdir

Ermənistanın Xarici İşlər Nazirliyi Ukrayna prezidenti Vladimir Zelenskinin İrəvana səfərinin planlaşdırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Ermənistan XİN-in sözçüsü Ani Badalyan bu barədə yalnız onu deyib ki, yüksək səviyyəli səfərlər vaxtında məlumatlandırılır.

Bundan əvvəl mətbuatda Ukrayna prezidentinin martda İrəvana və Bakıya səfər edəcəyi barədə məlumat yayılmışdı. Qeyd olunur ki, Ermənistana səfər martın 4-də baş tutacaq.

Səfər çərçivəsində onun Ermənistan baş naziri Nikol Paşinyanla anti-Rusiya ruhunda danışıqlar aparması təxmin edilir.

Paşinyan bu yaxınlarda bildirmişdi ki, Ukrayna məsələsində Rusiyanın mövqeyini bölüşmür.

Bu arada Ukrayna prezidentinin Bakıya ehtimal olunan səfərinə gəlincə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Zelenskinin Azərbaycana səfər edəcəyi ilə bağlı rəsmi Bakıda heç bir məlumat yoxdur.

Qeyd edək ki, Zelenskinin 4 martda İrəvana səfər edəcəyi haqda erməni mediası məlumat yayıb. “Azadlıq” radiosunun erməni redaksiyası Zelenskinin Bakıya da səfərə hazırlaşdığını iddia etsə də, diplomatik mənbələr bu iddianı təsdiqləməyib.

Azərbaycanla Qərbin aparıcı dövlətləri arasında ziddiyyətlərin kəskinləşməsi fonunda Rusiyanın birnömrəli düşməni kimi tanınan Zelenskinin şərəfinə Bakıda qırmızı xalçanın sərilməsi inandırıcı deyildir.