İrəvanda aksiya keçirilib, hakimiyyət sadə erməniləri qızışdırır
Rusiya sərhədçilərinin Ermənistandan qovulması tələb olunur
Ermənistanın “Milli Demokratik Qütb” siyasi hərəkatının gənclər qanadı İrəvanın “Zvartnots” hava limanı yaxınlığında aeroportda xidmət edən Rusiya sərhədçilərinin oradan çıxarılması tələbi ilə etiraz aksiyası keçirib.
Yerli mətbuatın xəbərinə görə, etirazçılar bildiriblər ki, Ermənistan Respublikasının vətəndaşı olan ləyaqətli erməni üçün ölkəyə kimin buraxılıb- buraxılmayacağına əcnəbinin qərar verməsi qəbuledilməzdir.
Aksiya iştirakçıları müraciətlərində deyilir: “Gəlin birlikdə Rusiya işğalçısını Ermənistandan qovmaq və suveren dövlət yaratmaq iradəmizi ifadə edək”.
Məlum məsələ ilə əlaqədar Rusiyanın Xarici işlər naziri Sergey Lavrov III Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan brifinqdə deyib: “Onlar deyir ki, Ermənistanla Rusiya arasında 1994-cü ildən bəri baş verənlər hamısı səhv olub. Bundan başqa Ermənistan Rusiyanı guya KTMT çərçivəsində öhdəliyini yerinə yetirməməkdə ittiham edir”.
S.Lavrov qeyd edib ki, Rusiyanı hansı məqsədlə ittiham etdikləri, hansı məqsədlə bunu erməni xalqının şüuruna yeritdikləri anlaşılmazdır.
Onun sözlərinə görə, kənardan bunu qızışdıranlar və Rusiyanı Cənubi Qafqaz regionundan çıxarmaq istəyənlər var. Bunu edənlər digər heç bir regiona öz hərəkətləri ilə xeyir verməyən mühəndislərdir. Son 50 ildə baş verənləri xatırlamaq kifayətdir – Vyetnam, Əfqanıstan, Livan, Suriya.