Erməni keşiş İrəvanda növbəti mitinqə çağırıb
Dünən axşam İrəvanda neçə minlik mitinq formalaşdıran erməni keşiş Baqrat Qalstanyan Paşinyana istefa tələbinə cavab almadıqda tərəfdarlarını itaətsizliyə çağırıb.
Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyalarına rəhbərlik edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan Bakı vaxtı ilə saat 18:30-da Respublika meydanında hökumət binası yaxınlığında mitinqə çağırıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Arxiyepiskop etirazçıları gün ərzində itaətsizlik etməyə çağırıb: “İtaətsizliyinizə davam edin, geri çəkilməyə yolumuz yoxdur”,- keşiş deyib.
Erməni mətbuatın məlumatına görə, paytaxt İrəvan və bütün Ermənistan ərazisində dinc itaətsizlik aksiyaları başlayır.
İrəvan Dövlət Universitetinin tələbələrinin də Baqratn aksiyasına qoşulduğu deyilir.
Qeyd edək ki, dünən İrəvanın mərkəzində etiraz aksiyası keçirən keşiş Baqrat Paşinyana istefa verməsi üçün bir saat vaxt ayırmışdı. Bir saatın tamamında hökumətdən onun çağırışına heç bir reaksiya verilməyib.
Baqrat isə parlamentin müxalif fraksiyaları ilə Paşinyanın impiçmentini müzakirəyə başlayıb və bu məqsədlə Robert Köçəryanın ofisində görüş keçirib.
Ermənistanın hakim Mülki Müqavilə Partiyasının deputatı Vaaqn Aleksanyan arxiyepiskop Baqrat Qalstanyanın Baş nazir Nikol Paşinyana istefaya çağırışına niyə rəsmi cavab olmadığı barədə sualı cavablandırarkən deyib ki, Paşinyan xalq tərəfindən seçilib və o, kiminsə birtərəfli tələbi ilə vəzifəsindən kənarlaşdırıla bilməz.
“Ermənistanın legitim Baş naziri Nikol Paşinyan ümumxalq səsverməsi yolu ilə bu vəzifəyə seçilib, Robert Köçəryanın müxtəlif sözçülərinin tələblərinə görə legitim baş naziri vəzifəsindən kənarlaşdırmaq mümkün deyil”, - deyə Aleksanyan bildirib.