Jurnalistin azyaşlı övladları təhdid olunur
Gürcüstanda ekstradisiya məqsədi ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş AzelTV saytının rəhbəri, azərbaycanlı jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova bildirib ki, “Əfqan Tbilisidə daim təhdid altında olan azyaşlı övladlarımızdan narahatdır.”
Avqustun 21-də Əfqan Sadıqovun saxlanıldığı Qldanidəki 8 saylı cəzaçəkmə müəssisəsində ilk dəfə onunla görüşən jurnalistin həyat yoldaşı onu çox gərgin və narahat gördüyünü deyib.
"Əfqan Tbilisidə daim təhdid altında olan azyaşlı övladlarımızdan narahatdır. Onunla eyni kameraya öz adamlarını yerləşdiriblər. ", deyə Sevinc Sadıqova qeyd edib.
Sadıqova həmçinin həyat yoldaşına istinadən bildirib ki, jurnalist ona qarşı olan cinayət işində adları keçən insanları tanımır.
"O dedi ki, cinayət işində ona qarşı adı keçən insanların heç birini tanımır, onları görməyib və heç zaman telefonla belə ünsiyyətdə olmayıb. Sadəcə ona qarşı ittiham uydurulub. Əfqan hesab edir ki, ekstradisiya olunarsa onu Azərbaycanda ciddi təhlükə gözləyir. Ekstradisiyadan sonra hansı ittihamı istəsələr, onu da uyduracaqlar. O, saxlanılmasının tənqidi məqalələri ilə bağlı olduğunu bildirdi", deyə Sadıqova qeyd edib.
Azərbaycanlı jurnalist ötən il dekabrın 24-dən Gürcüstanda yaşayır.
Jurnalist avqustun 3-də Gürcüstan polisi tərəfindən saxlanılıb bir gün sonra Əfqan Sadıqov barəsində ekstradisiya məqsədi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məhkəmədə bildirilib ki, Əfqan Sadıqova qarşı mayın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən “hədə-qorxu ilə tələb etmə” ittihamı ilə cinayət işi qaldırılıb.