Qərb casuslarına yox dedikdən sonra
Gürcüstan ABŞ-ın hədəfinə çevrilib
ABŞ hakimiyyəti Gürcüstan hökumətinin yüksək vəzifəli məmurlarına, həmçinin onların ailə üzvlərinə qarşı maliyyə sanksiyaları və səfər qadağaları da daxil olmaqla, yeni sanksiyalar tətbiq edildiyini elan edib.
Turan xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ dövlət katibi Entoni Blinken bu qərarı Gürcüstanın demokratiyaya xələl gətirməsi ilə əsaslandırıb. ABŞ və qərb ölkələrinin Gürcüstana qarşı demokratiya və insan haqları dəyənəyini işə salması isə, Gürcüstanda qərb casuslarının fəaliyyətini məhdudlaşdıran qanunun qəbul edilməsindən sonraya təsadüf edir.
Dövlət Departamenti 60-dan çox Gürcüstan vətəndaşına və onların ailələrinə qarşı viza qadağası tətbiq edir. Xarici casusların fəaliyyətini məhdudlaşdıran qanunun qəbulunda iştirakı olan deputatlar da sanksiyalara məruz qalıblar.
ABŞ həmçinin Gürcüstandakı öz ünsürlərini iğtişaşlara cəlb edərək bu ölkədə rəngli inqilaba cəhd göstərərkən iğtişaşçılara mane olan dövlət məmurlarını da sanksiya hədəfinə alıb.
ABŞ Xüsusi Əməliyyatlar İdarəsinin rəisi Zviad Xarazişvilini və onun müavini Mileri Laqazaurini "insan hüquqlarının ciddi şəkildə pozulmasının iştirakçıları" adlandırıb. Onların günahı isə mayda qərbə casusluğun tərəfdarlarından ibarət iğtişaşçılarla qarşılaşmalarıdır. ABŞ onları “repressiyalara rəhbərlik etmək və dinc nümayişlər zamanı müxalifət xadimlərini oğurlayıb aparmaq”-da ittiham edir.
Gürcüstanda qərb casuslarına qarşı fəaliyyət göstərən Alt-İnfo nəşrinin iki rəhbəri - Konstantin Morqoşiya və Zurab Maharadze də ABŞ-ın sanksiyalarına məruz qalıb.
Bayden Administrasiyası Gürcüstanda xarici agentlərə qarşı qanunun qəbul edilməsi və sonra bu qanunun ləğvini tələb edən qərbpərəst ünsürlərin iğtişaşlarının yatırılması ilə əlaqədar "Gürcü arzusu" partiyasının üzvlərinə, parlament üzvlərinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və fərdi şəxslərə qarşı viza qadağası tətbiq edib.