Lavrovdan Gürcüstana cavab gəldi
Gürcüstan hakim partiyasının mənsubları tərəfindən bu ölkənin ərazi bütövlüyünün sülh yolu ilə bərpa olunacağına dair bəyanatlarına rəsmi Moskva münasibət bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 79-cu sessiyasının yekunlarına dair mətbuat konfransı zamanı deyib ki, bu gün Tiflis keçmişdə baş verənləri vicdanla qiymətləndirir.
“Moskva Gürcüstan, Abxaziya və Cənubi Osetiya arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır, lakin bu istiqamətdə dövlətlərin özlərinin təşəbbüs göstərməsi vacibdir”,- Lavrov deyib.
“Onlar dedilər ki, “biz tarixi barışıq istəyirik”. Bu barışığın hansı formada baş verə biləcəyinə Abxaziya və Cənubi Osetiya qərar verəcək. Onlar Gürcüstanla qonşudurlar və orada bəzi təmaslar hələ də qaçılmazdır. Əgər bütün tərəflər bu münasibətlərin normallaşdırılmasında, ərazilərə təcavüz etməmək barədə sazişlərin təmin edilməsində maraqlı olarsa, biz kömək etməyə hazır olacağıq” deyə, Lavrov bildirib.
Hakim “Gürcü arzusu” sentyabrın 29-da verdiyi açıqlamada partiyasının ölkəni ərazi bütövlüyünün bərpasına imkan verəcək konstitusiya modelinə keçməyə hazır olduğunu bəyan edib.
“Oktyabrın 26-da səs çoxluğu əldə etsək, “Gürcü arzusu” komandası ölkəni uzun illərin arzusunu – vahid və güclü Gürcüstanı görmək imkanı verəcək konstitusiya modelinə keçməyə hazırdır”, deyə, İvanişvili bəyan edib.
O, həmçinin vurğulayıb ki, Gürcüstanın ərazi bütövlüyünün bərpası yalnız “sülh yolu ilə, barışıq və qarşılıqlı bağışlama əsasında” mümkündür.
Gürcüstan mətbuatı da hakim partiyanın seçkidən sonra Abxaziya ilə konfederasiya məsələsini gündəmə gətirəcəklərini yazıb. Bununla bağlı Rusiya ilə razılığın olduğunu iddia edənlər də var.