Okt 28, 2024 18:36 Asia/Baku
  • Gürcüstanda çevriliş təhlükəsi

Gürcüstan prezidenti Salome Zurabişvili və gürcü müxalifəti parlament seçkilərinin nəticələrini qeyri-legitim elan edərək ölkədə çevrilişə hazırlaşırlar. Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

  "Nəticələri qeyri-legitim elan etmək, texniki hökumət yaratmaq səhnəsi əvvəlcədən hazırlanmışdı. Bütün bunlar onların konstitusiya quruluşuna qarşı getməsi ilə bağlı çevriliş səhnəsidir", - Papuaşvili bildirib.

  Gürcüstan Mərkəzi Seçki Komissiyası bütün seçki məntəqələrində səslərin hesablanmasını başa çatdırıb. Bülletenlərin emalının nəticələrinə görə, hakim "Gürcü arzusu" 53,93 faiz səs toplayıb. Dörd müxalifət partiyası isə cəmi 37,78% səs toplayaraq parlamentə daxil olub.

  Artıq dörd müxalifət partiyasının nümayəndələri MSK-nın məlumatlarını tanımadıqlarını bəyan ediblər.

  Qərbyönümlü müxalifət və prezident Salome Zurabişvilinin seçkilərin nəticəsi ilə barışmaq istəmədiklərinə baxmayaraq ATƏT-in qısamüddətli missiyasının xüsusi koordinatoru Paskal Alizar Gürcüstanda seçkilərin yaxşı təşkil olunduğunu, müşahidəçilər tərəfindən bir sıra qanun pozuntularının qeydə alındığını bildirib. ABŞ dövləti  və Avropa qurumları da ATƏT-in missiyasının hesabatına məhəl qoymadan Gürcüstanda parlament seçkilərinin nəticələrini qəbul etməyiblər. 

 

Teqlər