Noy 20, 2024 11:29 Asia/Baku
  • Medvedev Üçüncü Dünya Müharibəsinin başlanğıcını proqnozlaşdırır

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Putinin nüvə doktrinasını yeniləməsindən sonra Üçüncü Dünya Müharibəsinin olacağını proqnozlaşdırıb.

Sputnik Xəbər Agentliyinin məlumatına əsasən, Dmitri Medvedev bu barədə özünün Teleqram kanalında qeyd edib ki, Ukraynanın Rusiyaya dərin zərbələr endirmək üçün NATO raketlərindən istifadə etməsi hücum kimi qiymətləndirilə bilər.

“Bu vəziyyətdə Kiyevə və NATO-nun əsas obyektlərinin harada olmalarından asılı olmayaraq onlara kütləvi qırğın silahları ilə cavab zərbəsi endirmək hüququ yaranır. Bu isə artıq Üçüncü Dünya Müharibəsi deməkdir”, - deyə Medvedev yazıb.

Bu yaxınlarda məlum olub ki, Rusiya prezidenti Vladimir Putin nüvə çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib.

Rusiya liderinin nüvə doktrinasını yeniləmək təşəbbüsü Müdafiə Nazirliyi tərəfindən dəstəklənib. Nazirliyin rəhbəri Andrey Belousov görülən tədbirləri dəyişən hərbi-siyasi vəziyyətlə əsaslandırıb. O qeyd edib ki, bu baxımdan proqram sənədləri yeni reallıqlara uyğunlaşdırılmalıdır.

Xatırladaq ki, ABŞ prezidenti Co Baydenin Ukraynaya Rusiya dərinliklərinə zərbə endirmək üçün Qərb raketlərindən istifadə etməyə icazə verməsi Moskvanı hiddətləndirib və onu adekvat tədbirlər görməyə vadar edib.