Zaxarova:
Rusiya Suriya ilə bağlı İran və Türkiyə ilə sıx təmasdadır
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ölkəsinin Suriyadakı münaqişə ilə bağlı İran və Türkiyə ilə sıx təmasda olduğunu bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə günü mətbuat konfransı zamanı Moskvanın Suriyanın şimalına qarşı hücumları qəti şəkildə pislədiyini təsdiqləyib və bu hadisələrdə “Ukrayna təsirinin” olduğunu qeyd edib.
Mariya Zaxarova deyib: “Biz BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu kimi tanınan qrupların rəhbərlik etdiyi bu hücumu qətiyyətlə pisləyirik.
Zaxarova bildirib ki, terrorçuların sırasında çoxlu əcnəbi döyüşçülər, o cümlədən postsovet məkanından gələn döyüşçülər var və bu münaqişələrdə Ukraynanın izi də açıq-aydın müçahidə olunur.
O, əlavə edib: “Şübhəsiz ki, Suriyada xarici qüvvələrin təhrikləri və tam dəstəyi olmasaydı, terrorçular belə həyasız hərəkətə yol verməzdilər”.
Diplomat vurğulayıb ki, Rusiya çətin vəziyyətdə olan Suriya xalqı ilə həmrəy olduğunu bildirir və Suriya hakimiyyətinin asayişi bərpa etmək səylərini dəstəkləyir. Eyni zamanda, Moskva bu məqsədə çatmaq üçün beynəlxalq tərəfdaşlarla fəal işləyir. Xüsusilə də Astana prosesinin təminatçıları kimi Rusiya, İran və Türkiyənin xarici işlər nazirləri sıx təmasdadırlar.
Onu da qeyd edək ki, dünən, çərşənbə axşamı Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia Təhlükəsizlik Şurasının fövqəladə iclasında Suriyadakı terrorçuların ABŞ və onun müttəfiqləri tərəfindən dəstəkləndiyini bildirərək, Ukrayna kəşfiyyatının orada terror fəaliyyətinin təşkilində və terrorçuların silahla təmin edilməsində roluna da işarə edib.
Ötən ilin oktyabrında da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyev rejiminin amerikalılarla koordinasiyalı şəkildə Suriyada “Heyət Təhrir Əş-Şam” terror təşkilatının yaraqlılarına təlim keçdiyini bildirmişdi.