Yan 15, 2025 13:03 Asia/Baku
  • ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı

ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.

Beynəlxalq medialar xəbər verir ki, sənədi yanvarın 14-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonda imzalayıblar.

ABŞ dövlət katibi Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması mərasimində deyib ki, gələn həftə sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün Ermənistana xüsusi sərhəd mühafizə qrupu gedəcək və Birləşmiş Ştatlar müvafiq təhlükəsizlik işlərini gücləndirəcəkdir.

Onun sözlərinə görə, iqtisadiyyat, təhlükəsizlik və müdafiə, demokratiya, inklüzivlik və şəxsiyyətlərarası münasibətlər sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan strateji tərəfdaşlıq komissiyası yaradılacaq. “ABŞ Ermənistanla ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün səyləri gücləndirmək üzərində işləyir. Biz Ermənistanın güclü tərəfdaş olmaq qabiliyyətini gücləndirməliyik və Ermənistanın sərhədlərini qorumalıyıq”, - deyə Blinken vurğulayıb.

A.Mirzoyan isə ölkəsinin Birləşmiş Ştatlarla sıx əməkdaşlığa sadiq qaldığını vurğulayıb.

Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalamasına reaksiya olaraq deyib: “ABŞ Cənubi Qafqazda heç vaxt xüsusi sabitləşdirici rol oynamayıb; hətta bunun əksini demək olar. Bu hərəkətlər kontekstində Birləşmiş Ştatlar, əlbəttə ki, hər vəchlə yeni-yeni ölkələri öz arxasınca çəkməyə çalışır”.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov da xəbərdarlıq edib ki, İrəvan və Vaşinqton arasındakı tərəfdaşlıq digər ölkələrin təhlükəsizliyinə təhdid yaratmamalıdır.

Qeyd edək ki, ABŞ hərbçilərinin Ermənistana göndərilməsi barədə qərar bu ölkənin özündə narahatlıqla üzləşib. Erməni politoloq Arman Abovyan deyib ki, gələn həftədən ABŞ xüsusi xidmət orqanları Ermənistan sərhədində rəsmən işləyəcəksə, ABŞ kəşfiyyatçıları sərhədə gətiriləcəksə, bu, intihara bərabərdir.