Azərbaycan və Ermənistan arasında sülh razılaşması yekunlaşdı
Bəs “Nə hərb, nə sülh” vəziyyətinə son qoyulurmu? - AKTUAL
Azərbaycan və Ermənistanın sülh müqaviləsi üzrə danışıqlarını başa çatdırmaqlarına baxmayaraq, Azərbaycan son günlər qarşı tərəf haqqında müharibəyə hazırlaşmaq iddiaları qaldırır.
Azərbaycan prezidenti İlham Əliyev martın 13-dəki çıxışında bu iddianı səsləndirib və deyib ki, “Ermənistanın sözünə inanmaq olmaz”.
İndi ortaya sual çıxır: Azərbaycan və Ermənistan sülh razılaşmasını həqiqətən imzalamağa hazırdırmı?
Siyasi şərhçi Ərəstun Oruclu Toplum TV-yə bildirib ki, belə bir mühitdə sülh razılaşmasının imzalanacağına inanmaq çətindir.
O düşünür ki, sülh müqaviləsi bu il də imzalanmayacaq. Bunun səbəbi isə geosiyasi vəziyyətdir. Rusiya istəyir ki, müqavilə onun vasitəçiliyi ilə imzalansın. Amma Avropa Birliyi, ABŞ, Türkiyə hər biri də imzalanmanın məhz onlar tərəfindən vasitələnməyini istəyir. Belə bir mühitdə “nə hərb, nə sülh” vəziyyəti yaranır.
Azərbaycan rəsmiləri artıq bir neçə ildir iddia edir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var və onlar oradan çıxarılmalıdır.
Ərəstun Oruclu konstitusiya məsələsinin asan olmayacağını düşünür. O deyir ki, hətta Ermənistan baş naziri Nikol Paşinyan bunu istəsə belə, ölkə müxalifəti və cəmiyyət tərəfindən ciddi təzyiqlə üzləşə bilər. Bu da onun hökumətinin mövqeyini sarsıda bilər.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb.
Yeri gəlmişkən bildirək ki, Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib ki, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın prinsipial mövqeyi qüvvədə qalır.