İrəvan Bakının Sülh sazişinə reaksiyasını qənaətbəxş hesab etmir
Simonyan: Bu, Azərbaycan tərəfi üçün bir az gözlənilməz oldu
Ermənistan parlamentinin sədri bəyan edib ki, Azərbaycan tərəfinin sülh sazişinə reaksiyası qənaətbəş deyildir.
Alen Simonyan bununla belə deyib ki, prosesin dalana dirəndiyini düşünmək yanlışdır.
Onun sözlərinə görə, ola bilsin ki, Ermənistanın sülh sazişindəki Qalan iki bəndlə razılaşması Azərbaycan tərəfi üçün bir az gözlənilməz olmuşdur, lakin razılaşmanın müzakirəsində məqsəd söhbəti əbədi davam etdirmək deyil, hansısa nəticə əldə etmək idi.
Bundan bir qədər əvvəl Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Azərbaycanı müqavilənin imzalanması üçün yer və vaxtın seçilməsi ilə bağlı danışıqlara başlamaq təklifinə cavab verməməkdə ittiham etmişdi.
İttihamlara cavab olaraq, martın 25-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın sülh müqaviləsinin mətni üzrə razılaşma əldə edildikdən sonra yeni şərtlər irəli sürdüyü barədə iddiaları rədd edərək bunun beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıdığını bildirib.
A.Hacızadə qeyd edib ki, “Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, vaxt itirmədən Konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, Minsk Qrupunun rəsmən ləğvi istiqamətində əməkdaşlıqdan boyun qaçırmamalıdır”.
Xatırladaq ki, Ermənistan və Azərbaycan hökumətləri martın 13-də sülh müqaviləsi ətrafında danışıqların uğurla başa çatdığını elan etmişlər.