Apr 15, 2025 10:48 Asia/Baku
  • Rusiya Əraqçinin səfərini gözləyir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçinin Moskvaya planlaşdırılan səfərini təsdiqləyərək deyib: “Biz iranlı həmkarlarımızın yolunu gözləyirik”.

Mariya Zaxarova RİA Novosti xəbər agentliyi ilə müsahibədə Əraqçinin Moskvaya səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov və bəzi digər rəsmilərlə görüşəcəyini bildirib.

Əraqçinin Moskvaya səfərinin əhəmiyyəti barədə qeyd etmək lazımdır ki, bu səfər İran İslam Respublikasının Rusiya da daxil olmaqla strateji tərəfdaşlarına xüsusi diqqətini nümayiş etdirir. Xüsusilə də ona görə ki, regional və beynəlxalq hadisələrin sürətlə dəyişdiyi bir şəraitdə iki mühüm regional və qlobal aktor kimi İran və Rusiya arasında koordinasiya və fikir mübadiləsi böyük əhəmiyyət kəsb edir.

Xatırladaq ki, aprelin 12-də Omanda İran və ABŞ arasında dolayı danışıqlar keçirilib. Tərəflər gərginliyi azaltmaq və nüvə sazişini canlandırmaq üçün bir yol tapmağa çalışırlar.

Rusiyanın məlumatlandırılmasına gəlincə, bu ölkə 5+1 Qrupunun üzvü olaraq nüvə sazişinin canlandırılmasında maraqlıdır.

Digər tərəfdən Rusiya son dövrlərdə İranın mühüm siyasi və ticarət tərəfdaşı olaraq, danışıqların asanlaşdırılmasına kömək edə bilər.

Nəzərə alsaq ki, danışıqların bu raundu 5+1-in beş üzvünün iştirakı olmadan keçirilir, prinsipcə onların hər birinin məlumatlandırılmasına ehtiyac duyulur. Eynilə də Moskva avropalılardan fərqli olaraq gələcək danışıqlarda daha effektiv rol oynaya bilər.

Nəhayət İran-ABŞ danışıqlarının regional və qlobal proseslərə böyük təsirini nəzərə alsaq, görünür, cənab Əraqçinin Moskvaya səfəri indiki şəraitdə çox məntiqlidir və diplomatik aparatın nüvə məsələsində nüfuzlu aktorlarla dialoq qurub fikir mübadiləsi aparması vacibdir.

İran rəsmiləri hesab edirlər ki, ABŞ Tehrana qarşı təhdid və hədə-qorxularına son qoyarsa, razılaşma mümkün olacaqdır.