Apr 15, 2025 11:24 Asia/Baku
  • Zahiruddin İbrahimi Bakıda DTX təcridxanasına gətirilib

Rusiyada yoxa çıxan etnik tədqiqatçının DTX təcridxanasında saxlanıldığı bildirilir.

Rusiya vətəndaşı olan tarixçi alim Zahiruddin İbrahimi martın 26-da Yekaterinburq şəhərindəki evindən çıxıb və onunla əlaqə kəsilib.

Meydan TV talış fəalının yaxın qohumlarına istinadla xəbər verir ki, Rusiyada yaşayan tarixçi hazırda Bakıda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) təcridxanasında saxlanılır.

Yaxınlarının sözlərinə görə, Zəhiruddin İbrahimi 1995-ci ildən Rusiyada yaşayır və fəaliyyət göstərir. O, 2002-ci ildən Azərbaycan vətəndaşlığından imtina edərək Rusiya vətəndaşlığını qəbul edib.

Əslən talış olan Zəhiruddin İbrahimi illərdir talış dili, mədəniyyəti və adət-ənənələrinin təbliği ilə məşğul olub.

O, öz çıxışlarında və yazılarında Azərbaycanın milli azlıqlara, xüsusilə talışlara qarşı apardığı siyasəti kəskin tənqid edirdi.

Yaxınları Zəhiruddin İbrahimovun yoxa çıxmasının ictimai fəaliyyəti ilə birbaşa əlaqəli olduğunu düşünürlər. Hadisədən dərhal sonra Rusiya hüquq-mühafizə orqanlarına məlumat verilsə də, bu günə qədər heç bir rəsmi açıqlama verilməyib.

2025-ci il aprelin 1-də Zəhiruddin İbrahiminin Azərbaycanda – Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanıldığı barədə məlumat onun Azərbaycandakı ailə üzvlərinə çatdırılıb.

DTX-dan məsələ ilə əlaqədar hələlik açıqlama verməyib.