May 13, 2025 12:00 Asia/Baku
  • Ermənistan parlamentinin sədri müxalifəti lağa qoydu

Ermənistan parlamentinin sədri müxalifətin qarşıdan gələn seçkilər ərəfəsində apardığı təbliğatının əbəs olduğunu vurğulayıb.

Alen Simonyan jurnalistlərlə söhbətində deyib: “Eks prezidentlər Robert Koçaryan və Serj Sərkisyan, eləcə də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan və digər bənzər şəxslər qarşıdan gələn seçkilərdə bizə kömək edəcək”.

Simonyana görə, adı çəkilənlər efirə çıxan kimi hakimiyyətin reytinqi yüksələcək. “Keçmiş baş nazir Vazgen Manukyan və arxiyepiskop Baqrat Qalstanyan da onlara qoşulsa, hakimiyyətin reytinqi daha 5 pillə yüksələcək. Əgər onlar birlikdə nəsə etməyə başlasalar, o zaman biz, ümumiyyətlə, evdən belə çıxmaya bilərik”, - deyə spiker ironik şəkildə vurğulayıb.

Parlament sədri habelə hakim “Mülki müqavilə” partiyasının xalqla ünsiyyətdə olacağına və 50%+1 səs toplayacağına və böyük ehtimalla vahid hökumət quracağına, islahatları davam etdirəcəyinə əminliyini ifadə edib. Eyni zamanda o, heç bir qüvvə ilə koalisiya qurulmayacağına da əminlik ifadə edib.

Spikerin sözlərinə görə, Ermənistanın ikinci prezidenti Koçaryanın mitinqi əvvəlki parlament seçkilərində hakimiyyətin qələbəsinin açarı olub. O əlavə edib ki, Robert Koçaryan Ermənistanı Rusiya və Belarus İttifaq Dövlətinə birləşdirmək niyyətində idi.

Xatırladaq ki, parlament sədri son günlər Robert Koçaryanı Rusiyanın agenti adlandırdı.