İyun 07, 2025 15:36 Asia/Baku
  • Mirzoyan: Azərbaycanla sülh sazişi əldə edilə bilər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh prosesi ilə bağlı ehtiyatlı nikbinlik ifadə edib.

O deyib: “Mən hesab edirəm ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması, sazişin imzalanması və ümumi razılığa gəlmək üçün real şans var”.

Jurnalistlərə danışan erməni nazir qeyd edib ki, Ermənistan sülh yolu ilə nəticə əldə etmək üçün əlindən gələni edir.

Azərbaycan qoşunlarının Ermənistan ərazisində olduğunu iddia edən Mirzoyan həmçinin deyib: “Şübhəsiz ki, hazırda Azərbaycanın nəzarəti altında olan Ermənistanın suveren əraziləri var - təxminən 208 kvadrat kilometr. Biz dəfələrlə demişik ki, onların geri qaytarılması delimitasiya prosesi vasitəsilə həyata keçirilməlidir”.

O, delimitasiya danışıqlarının dalana dirəndiyi ilə bağlı iddiaları təkzib edib və qeyd edib ki, komissiya rəhbərləri görüşməkdə və irəliləyişləri araşdırmaqda davam edirlər.

Bununla belə Mirzoyan hərbi əsirlərlə bağlı məsələdə irəliləyiş olmadığını etiraf edib. “Bu, konstruktiv dialoqun olmadığı bir neçə problemdən biridir”, - deyə Ermənistanın XİN rəhbəri sülhün humanitar problemlərin həllinə qapı aça biləcəyinə ümid etdiyini bildirib.

Azərbaycanın “Qərbi Azərbaycan” ritorikasına gəlincə, o, bunun İrəvan tərəfindən Ermənistanın ərazi bütövlüyünə birbaşa təhdid kimi qəbul edildiyini bildirib. Mirzoyan sonda azərbaycanlıların geri qayıtması ilə bağlı rəsmi danışıqların olmadığını da təsdiqləyib.