Rusiya Ermənistanın əsas ticari tərəfdaşıdır
İk ölkə arasında ticarət dövriyyəsi 12 milyard dollara çatıb
Rusiya İqtisadi İnkişaf nazirinin müavini Dmitri Volvaç bildirib ki, Ermənistanla Rusiya arasında qarşılıqlı ticarət 2024-cü ildə 60% artaraq 12 milyard dollara yaxın olub.
Rusiyalı rəsmi bu rəqəmi İrəvanda keçirilən 10-cu Ermənistan-Rusiya Regionlararası Forumu zamanı açıqlayıb.
Sözü gedən rəqəmin rekord vurduğunu qeyd edən Volvaçın sözlərinə görə, hətta beş il əvvəl belə rəqəmlər fantaziya sayıla bilərdi. Lakin ikitərəfli əməkdaşlıq, habelə MDB və Avrasiya İqtisadi İttifaqı kimi çərçivələr daha güclü inteqrasiyaya zəmin yaradıb.
O, həmçinin deyib: “Ermənistanın 7 vilayəti və Rusiyanın 16 vilayəti arasında 21 müqavilə qüvvədədir. Forum zamanı Rusiyanın Rostov vilayəti ilə Ermənistanın Ararat vilayəti arasında iki yeni saziş imzalanıb”.
Volvaç sonda Rusiyanın regionlarında erməni sərmayələrini dəstəkləmək və bütün səviyyələrdə inteqrasiyanı dərinləşdirməkdə Rusiyanın öhdəliyini bir daha vurğulayıb.