Rusiya nümayəndəsi: Direktorlar Şurasının anti-İran qətnaməsi siyasi motivlidir
Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Qərb ölkələrinin İranın nüvə proqramına yanaşmasını kəskin tənqid edib.
Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının iclasında Britaniya, Fransa və Almaniyanın ABŞ-ın dəstəyi ilə təqdim etdiyi qətnamə layihəsini tənqid edərək, onu siyasiləşmış, heç bir məntiqi əsası olmayan və zərərli qiymətləndirib və xəbərdarlıq edib ki, MAQATE-nin Direktorlar Şurasından siyasi məqsədlər üçün alət kimi istifadə edilməsi nüvə silahının yayılmaması nizamı üçün ağır nəticələri olacaq.
Mixail Ulyanov deyib: "Bu qətnamə layihəsi sırf siyasi oyunçuluqdur və heç bir məntiqi əsası yoxdur. Biz bu qiymətləndirmənin səbəblərini aydınlaşdıracağıq".
O, Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə fəaliyyətləri ilə bağlı son hesabatının Agentliyin baş direktorunun təşəbbüsü ilə deyil, daha çox Qərb ölkələrinin təzyiqi nəticəsində və ötənilki mübahisəli qətnamə əsasında hazırlandığını bəyan edərək, deyib: "Onların məqsədi İranı təminat müqavilələrində nəzərdə tutulan öhdəlikləri pozmaqda ittiham etmək üçün yol açmaqdır və təəssüflə Agentliyin Katibliyi bu məqsədə çatmaq üçün bir alətə çevrilib".
Rusiya nümayəndəsi əlavə edib: "İran əməldə göstərib ki, hətta ABŞ-ın 2018-ci ildə nüvə sazişindən birtərəfli qaydada çıxmasından sonra belə bu saziş çərçivəsindəki öhdəliklərinə sadiq qalıb. Əgər məntiqli və qeyri-siyasi yanaşma olarsa, Tehran Agentliklə yerdə qalan məsələləri həll etməyə qadirdir. Amma qətnamənin qəbul edilməsi qarşılıqlı fəaliyyətin uğur qazanma şansını azaldacaq və Agentlik və nüvə silahının yayılmaması nizamına ciddi mənfi təsir göstərəcək. Bu qətnamə layihəsinin müəllifləri və onun bütün tərəfdarları öz hərəkətlərinin nəticələrini, o cümlədən İranın sərt reaksiyasını qəbul etməyə hazır olmalıdırlar”.
O, Rusiyanın qətnamənin əleyhinə səs verəcəyini vurğulayıb və Rəhbərlər Şurasının digər üzvlərini bu təxribatçı hərəkəti dəstəkləməkdən çəkinməyə çağırıb.