İyul 14, 2025 17:12 Asia/Baku

Rusiya Xarici İşlər Nazirliyi ABŞ xəbər saytı “Aksius”un yaydığı iddiaya cavab olaraq bildirib ki, Rusiya prezidentinin guya İranla ABŞ arasında “sıfır faiz zənginləşdirmə” əsasında nüvə razılaşması üçün əməkdaşlıq istəməsi barədə yayılan xəbər yalnız “çirkli siyasi kampaniyadır”.

Nazirliyin yaydığı bəyanatda qeyd olunur ki, bu kimi iddialar İranın nüvə proqramı ətrafında gərginliyi artırmaq məqsədi daşıyan daha bir çirkli siyasi kampaniyanın tərkib hissəsidir.

Rusiya Xarici İşlər Nazirliyi xatırladıb ki, Moskva dəfələrlə İranın nüvə proqramı məsələsinin yalnız siyasi və diplomatik yollarla həll edilməsinin vacibliyini vurğulayıb və eyni zamanda, tərəfləri qane edən bir həll yolunun tapılması üçün yardım etməyə hazır olduğunu bildirib.

Bəyanatın sonunda deyilir: “Biz dünya mediasından xahiş edirik ki, yalnız rəsmi mənbələrə istinad etsinlər və saxta xəbərlərin yayılmasının qarşısını alsınlar.”

Qeyd edək ki, “Aksius” xəbər saytı sənədi olmayan bir məlumat yayaraq iddia edib ki, guya Rusiya prezidenti Vladimir Putin İrandan xahiş edib ki, sıfır faiz zənginləşdirmə əsasında nüvə razılaşmasını qəbul etsin və bu sahədə ABŞ-lə əməkdaşlıq etsin.

Bu iddiaya cavab olaraq diplomatik mənbələr “Əl-Məyadin” telekanalına bildiriblər ki, İran Rusiyadan uranın daxildə zənginləşdirilməsini dayandırmaq barədə heç bir təklif almayıb və Moskvanın Tehranın sülhməramlı zənginləşdirmə hüququnu dəstəkləyən mövqeyi dəyişməyib.

Diplomatik mənbələrin sözlərinə görə, İran ölkə daxilində uran zənginləşdirmək kimi qanuni hüququnun tanınmamasını nəzərdə tutan hər hansı bir təklifi qəbul etməyəcək.