Peskov Bakıya xəbərdarlıq etdi - TƏHLİL
“Azərbaycanda ruslara hörmət edilməsi vacibdir!”
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Moskva-Bakı əlaqələrində yaranmış gərginlik fonunda Azərbaycan Respublikası hökumətinə xəbərdarlıq edib.
Rusiyalı rəsmi deyib ki, Moskva ilə Bakının münasibətlərində çətin dövr gəlib, lakin Kreml bunun keçəcəyinə ümid edir.
O son zamanlar Bakıda Sputnik Xəbər Agentliyinin ofisinə polis reydi zamanı baş verənlərə toxunaraq qeyd edib ki, Rusiya Federasiyası üçün Azərbaycanda ruslara hörmət edilməsi vacibdir.
İki Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən Yekaterinburq hadisələrinə gəlincə, Peskov təkidlə bildirib ki, Rusiya Federasiyasında yalnız Azərbaycan diasporunun qanunu pozan nümayəndələri təqib olunur.
Xatırladaq ki, ötən il dekabrın 25-də AZAL-a məxsus təyyarənin Rusiya səmasında qəzaya uğraması nəticəsində 30-dan çox sərnişinin həlak olması iki ölkə münasibətlərində gərginlik yaratdı.
Bu olayın davamı olaraq, prezident İlham Əliyev iyulun 19-da Şuşa Qlobal Media Forumundakı çıxışında bu məsələ ilə əlaqədar qonşu ölkənin hakimiyyət orqanlarını sərt tənqid etmişdir: “Rəsmi Bakı vurulan AZAL təyyarəsinə görə beynəlxalq ədliyyə sisteminə müraciət hazırlayır. Təəssüf olsun ki, AZAL təyyarəsinin Aktaudakı qəzası ilə bağlı biz Rusiya tərəfindən heç bir cavab almamışıq”, - deyən dövlət başçısı Rusiya tərəfinin hər dəfə təkrarladığı “təhqiqat davam edir” cavabının məntiqsizliyinə işarə edib.
Bu arada əsasən qərbpərət qüvvələr İlham Əliyevin Rusiya qarşısında – necə deyərlər - “qətiyyət” göstərməsindən məmnun qalsalar da, bəzi ekspertlər bunun Azərbaycan üçün mənfi nəticələrindən ehtiyatlanırlar.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun məsələyə münasibəti belə olub: “Rusiyanın müxtəlif şəhərlərində diaspora nümayəndələrimizə müxtəlif problemlər yaradacaqlarını, kənd təsərrüfatı məhsullarımızı əvvəlkitək sərhəddən geri qaytaracaqlarını proznozlaşdırmaq olar. Bununla yanaşı Rusiya azərbaycanlılara qarşı kütləvi deportasiya üsulundan istifadə edə bilər. Həmçinin Rusiyadakı azərbaycanlı işadamlarının leqal kapitalları vergi yoxlamaları bəhanəsiylə əllərindən alına bilər”.
Politoloq sonda hakimiyyəti şimaldan istiqamətlənən müxtəlif təxribatçı ssenarilərə də hazır olmağa səsləyib.
Təxmini təhlillərə görə, Azərbaycan-Rusiya əlaqələrini pozmaqda marağı olan qüvvələr var; ABŞ başda olmaqla Qərb kollektivi və sonra sionist dairələr həmin qüvvələrin arasındadır. Onlar Ukraynada olduğu kimi Cənubi Qafqazda da Rusiyanın əleyhinə cəbhə açmaq niyyətinədirlər. Və bunun Azərbaycan üçün acı nəticələri onları qətiyyən maraqlandırmır.